Тoxumluqların əlverişli boyatması və inkişafı üçün 0-50 santimetr dərinlikdə torpağın ən az nəmlik həddinin 70-100 faizi qədər nəmlik olmalıdır.
Torpağın ən az nəmlik həddinin 70 faizdən aşağı düşməsi gövdələrin boyverməsini dayandırır, əksinə, bu həddin 100 faizdən artıq olması toxum məhsulunun kəskin surətdə aşağı düşməsinə səbəb olur.
Şəkər çuğundurunun birillik əkinlərinə nisbətən toxumluq sahələri nəmlik çatışmazlığından (quraqlıqdan - dəmyədə) daha çox ziyan çəkir (Şəkil 7.7).
Dəmyə şəraitində çuğundurun toxumluq əkinlərinin məhsuldarlığı vegetasiya dövründə düşən atmosfer çöküntülərinin miqdarından asılıdır.
7.5. Növbəli əkində yeri
Başqa texniki bitkilərdə olduğu kimi şəkər çuğunduru üçün onun növbəli əkində necə yerləşdirilməsinin əhəmiyyəti böyükdür. Belə ki ayrı-ayrı illərin məhsuldarlığı göstərir ki, çuğundurun yüksək məhsuldarlığı onun ən əlverişli və yaxşı sələf bitkilərindən sonra əkini zamanı təmin edilir. Şəkər çuğunduru ilə məşğul olan elmi-tədqiqat müəssisələrində aparılmış uzunmüddətli və eyni yerdə olan təcrübələr göstərmişdir ki, növbəli əkinlərin sistemi və bitkilərin növbələşməsi məhsuldarlığı artıran ən optimal variant, etibarlı aqrotexnika və idarəetmə tədbirləri kompleksidir.
Növbəli əkində təkcə şəkər çuğunduru üçün ən yaxşı sələf bitkisi tapmaq əsas şərt deyil. Sonrakı il torpağın qida və su rejiminə təsiri baxımından çuğundur əkininə əlverişli olması üçün sələf bitkisindən əvvəl əkilmiş bitki də diqqətə alınmalıdır. Növbəli əkinlərin elmi əsaslarla mənimsənilməsi alaq otlarını məhv etməkdə, ziyanverici və xəstəliklərlə mübarizədə daha əlverişli mübarizə sisteminin seçilməsinə şərait yaratmaqla bitkilərin düzgün növbələşməsi ilə torpağın müxtəlif qatlarındakı nəmlik və qida maddələrindən səmərəli istifadə mineral gübrə və digər kimyəvi vasitələrdən daha çox xeyir götürməyə, bitkinin məhsuldarlığının, torpaq münbitliyinin durmadan artmasına etibarlı zəmin yaradır.
Sənaye texnologiyasının geniş yayılması göstərir ki, həmin texnologiya növbəli əkinlər əsasında daha səmərəli olur. Başqa bitkilərdə olduğu kimi şəkər çuğunduru üçün növbəli əkinlər hər bir konkret şəraitdə, torpaq-iqlim və digər amillər əsasında fərqli tərtib edilir. Məsələn, cənub, dağətəyi, nəmliklə yaxşı təmin olunmuş rayonlarda çoxillik otlardan sonra şəkər çuğunduru və bundan sonra isə iki il dalbadal payızlıq taxılların əkini tövsiyə olunur.