Həmçinin, 1 ton kartof yumrusundan 80 kiloqram qlükoza, 112 litr spirt və yaxud 55 kiloqram maye karbonat turşusu alınır. Yeyinti tullantılarından isə cem, cecə, jmıx, mal-qara üçün vitaminli yem hazırlanır.
1.1. Becərilmə tarixi və yayılması
Alimlərin apardığı tədqiqatlara görə yer üzərində əkinçilik yaranan dövrdə, Cənubi Amerikanın geniş sahələrində kartofun yabanı formaları bitirdi. İngilis alimlərinin Peru qəbiristanlıqlarında apardığı arxeoloji qazıntılar zamanı qurudulmuş kartof tapılmışdır. Tapılan saxsı qabların üzərində kartofun şəkli çəkilmişdir. Belə əşyalara alimlər Şimali Çilinin sahillərində apardıqları qazıntılar zamanı rast gəlmişlər. Alimlərin fikrinə görə həmin əşyalar Kolumb Amerikanı kəşv edənə qədər basdırılmışdır. O qabların içərisindən tapılan qurudulmuş kartof və onların üzərindəki kartofun şəkilləri kartof bitkisinin çox qədimlərdə yarandığını sübut edir. Ekvador, Peru, Boliviya, Argentina və Şimali Çilidə yaşayan hindu milləti müharibəyə hazırlaşarkən ehtiyat üçün yığdıqları qidaların içərisində çoxlu miqdarda illərlə xarab olmayaraq yaxşı qalan kartof qurusu “cuno” da toplayırdılar. Avropalılardan ilk dəfə kartofu görən Xristofor Kolumb və onun yoldaşları olmuşdur. 1492-ci ildə onlar Kuba adasının şimal hissəsində görürlər ki, yerli adamlar torpaqdan almaya oxşar yumru çıxarır, onu közün üstündə bişirərək ləzətlə yeyirlər (Şəkil 1.12). Bu yumrular sonralar kartof adı ilə milyonlarla insanın ən yaxşı və ən vacib qidasına çevrilmişdir. Bir çox məlumatlara görə ilk dəfə kartof Avropa qitəsinə, lap dəqiq desək, İspaniyaya 1565-ci ildə ikinci Filippin hakimiyyəti dövründə Perudan qayıdan gəmilərdə gətirilmişdir. Kartof İspaniyada insanlar tərəfindən çox yaxşı bəyənilmiş və tezliklə bütün ölkəyə yayılmağa başlamışdır. Artıq XVI əsrin 70-ci illərində Sevilya şəhərinin bazarlarında kartof satılmağa başlanmışdır.