9. Şəkər çuğundurunun qida maddələrinə olan tələbatı. Bitki mühafizəsi tədbirləri
Şəkər çuğunduru - kənd təsərrüfаtı bitkiləri аrаsındа dаhа çох məhsuldаr bitkilərdən biridir.
Bu bitki çохlu qidа mаddələrinin təsirindən yüksək miqdаrdа quru mаddə kütləsi tоplаmаğа qаdirdir.
Bu səbəbdən də şəkər çuğunduru bitkisi digər bitkilərə nisbətən tоrpаqdаn dаhа çох qidа mаddələri götürür.
Gübrə şəkər çuğundurunun məhsuldarlığını və bundan hazırlanan xammalın keyfiyyətini yaxşılaşdıran əsas vasitələrdən biridir.
Gübrələmə sistemi elə tərtib olunmalıdır ki, o, bitkini ilk inkişaf fazalarından məhsul yığımına kimi optimal səviyyədə təmin edə bilsin.
Yüksək məhsul almaq üçün üzvi və mineral gübrələrin verilməsinin böyük əhəmiyyəti vardır.
9.1. Şəkər çuğundurunun gübrələnməsi
Şəkər çuğunduru bitkisi torpaq münbitliyinə çox tələbkardır. Bitkinin mənimsəyə bildiyi formada olan qida maddələri ilə torpağın tam təmin olunması onun inkişafı üçün normal şərait yaradır, yüksək və keyfiyyətli məhsul alınmasını təmin edir.
Bitkilərin, o cümlədən də, şəkər çuğundurunun normal inkişafı və keyfiyyətli məhsul verməsi üçün torpaqda kifayət qədər azot, fosfor, kalium olmalıdır. Bu elementlər bitkilərin əsas qida maddələri hesab olunmaqla onların vegetativ və generativ orqanlarının təşkili üçün çox əhəmiyyətlidir.
Şəkər çuğunduru bitkisi torpaqda qida maddələrinin miqdarına böyük həssaslıq göstərir. Bu bitki əkilən torpaqlarda qida elementlərinin azlığı onun normal inkişafını zəiflədir və məhsul vermə qabiliyyətini xeyli azaldır. Buna görə də şəkər çuğunduru əkilən sahələrdə torpağın normal balansı bərpa olunmalıdır. Bu məqsədlə üzvi və mineral gübrələrdən elmi əsaslarla istifadə olunmalıdır. Torpaqda qida maddələrinin miqdarı təyin edilməli və çuğundur bitkisinin tələbatına əsasən gübrə normaları müəyyənləşdirilməlidir.
Şəkər çuğundurunun makroelementlərlə yanaşı, mikroelementlərə, əsasən də, bor, mis, manqan, sink, maqnezium, molibden və sair elementləri olan mikrogübrələrə tələbatı artır. Bu elementlər karbohidrogenlər və zülal mübadiləsində fəal iştirak etməklə ferment, vitamin və hormonların tərkibinə daxil olur. Mikroelementlərdən bor, molibden, manqan və sink toxumu müdafiə edən və stimullaşdıran vasitə kimi də toxum materialının hazırlanmasında istifadə edilir. Bəzi torpaqlarda həmin elementlərə kəskin tələbat hiss edildiyi halda onların əsas gübrələmədə, yemləmədə cərgələrə verilməsi də tövsiyə olunur.