1.2. Aqrobioloji xüsusiyyətləri
Kartof badımcançiçəklilər fəsiləsinə aiddir. Bioloji xüsusiyyətlərinə görə mülayim iqlimi sevən çoxillik ot bitkisidir. Əkinçilikdə birillik bitki kimi becərilir.
Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü - Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 santimetr olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kökyumrularının forması girdə, oval, uzunsov, ləti (rəngi) ağ, sarı, çəhrayı, qırmızı və göydür (Şəkil 1.13). Üzərində spiral istiqamətində 3-4 tumurcuğu olan gözcüklər yerləşir. Kök sistemi saçaqlıdır və torpağın 70 santimetr dərinliyinə gedə bilir. Kartofun yumrusu (meyvəsi) formasını dəyişmiş yeraltı gövdədir. Fotosintez nəticəsində yarpaqlarda əmələ gələn qida maddələri burada toplanır. Mədəni kartof kolu, sortundan və becərildiyi rayondan asılı olaraq, adətən, 4-8 gövdədən ibarətdir. Sortlar gövdələrin miqdarına görə azgövdəli (3-5) və çoxgövdəli (6-8) olur. Adətən, tez yetişən sortlar az, gecyetişən sortlar isə çox kollanır. Gövdələrin koldakı sayı ana yumrudakı (yəni əkilən kartof toxumundakı) cücərmiş tumurcuqların sayından və yumruların iriliyindən asılıdır. Cücərmiş tumurcuqların sayı (Şəkil 1.14) çox və iri olduqda gövdələrin sayı da çox olur. Kartof bitkisi kollanmasına görə də bir-birindən fərqlənir:
Zəif kollanan bitkilərə kənardan baxdıqda gövdələr görünür (Şəkil 1.15).
Çox kollanan bitkilərdə isə yarpaq və budaqcıqların miqdarı çox olduğundan gövdələr görünmür (Şəkil 1.16).