Vegetasiya müddəti (əkildiyi dövrdən məhsul yığılana qədər olan dövr) uzun olduqda kartofun qabığı da qalın olur. Qabığın bərkiməsi yumrunun kök hissəsindən başlayıb uc hissəsində qurtarır. Kartofun qabığı gecyetişən sortlarda qalın olur. Kartof bitkisinin çiçək salxımı 2-3, bəzən çox çiçəklərdən ibarətdir. Çiçək ayası uzun və tüklüdür. Çiçək ayasının uzunluğundan asılı olaraq çiçək salxımı süpürgə, uzunbudaqlı və yaxud kompakt (birgə) şəkildə olur. Süpürgədə çiçəklərin sayı birdən ona qədər olur. Ən çox yayılmış kartof sortlarında 5-6 çiçək olur (Şəkil 1.19).
1.3. Kartof bitkisinin inkişaf dövrləri
Hər bir kənd təsərrüfatı bitkisinin əkildiyi dövrdən meyvə əmələ gətirdiyi dövrə qədər (vegetasiya dövrü) müxtəlif inkişaf mərhələləri keçir. Digər bitkilərdən fərqli olaraq kartof bitkisinin inkişafı beş dövrə bölünür (Şəkil 1.18).
Birinci dövr - gözcüklərin cücərməsindən çıxış alınana qədər olan dövrdür. Bu zaman yumruların nəfəs alması intensivləşir, nişasta şəkərə çevrilir və şəkər borucuqlarla gözcüklərə hərəkət edir. Gözcüklərdə tumurcuqlar şişərək cücərti verir, daha sonra köklər və gövdələr əmələ gəlir.
İkinci dövr - ilk yaşıl yarpaq əmələ gəldikdən sonra normal yarpaqlı gövdələrin inkişafına qədər olan dövrdür.
Üçüncü dövr - qönçə əmələ gəldikdən çiçəkləməyə qədər olan dövrdür. Bu dövrdə bitki formalaşır və uc hissələri yoğunlaşır. Təzə yumrular əvvəlcə çox sulu olur, inkişaf etdikcə yavaş-yavaş nişasta toplanır. Bu dövrdə bitki daha çox su və qida maddələri tələb edir.
Dördüncü dövr - çiçəkləmədən alt yarpaqların təbii saralmasına kimi olan dövrdür. Ümumi məhsulun 75-80 faizi bu dövrdə toplanır. Hava şəraitinin yaxşı, yaxud pis olması məhsuldarlığa bu dövrdə təsir edir.