Müasir kartof sortları ən yüksək bioloji məhsuldarlıq potensialına və əla keyfiyyət göstəricilərinə malikdir.
Vegetasiya müddəti uzun (gecyetişən) olan kartof sortları vegetasiya müddəti nisbətən qısa (tezyetişən) sortlardan daha məhsuldardır.
Lakin kökyumruların gündəlik kütlə artımından asılı olaraq kartofun məhsuldarlığı dəyişə bilir.
Gün ərzində kökyumruların kütlə artımı eyni kartof sortları üçün hər hektardan 8 sentnerdən 12 sentnerədək dəyişə bilər.
Aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, əlverişli torpaq-iqlim şəraiti yumruların gündəlik artımı üçün olduqca vacibdir.
Hazırda respublikanın müxtəlif torpaq-iqlim bölgələri üçün kartofun orta tez yetişən “Nevskiy” (Şəkil 3.3), “Rodomışskiy”, orta yetişən “Oqonyok” (Şəkil 3.4), orta tez yetişən “Laymdota”, “Əmiri-600”, orta yetişən “Sevinc”, “Ukrayinskiy rozovıy” (Şəkil 3.5) sortları rayonlaşdırılmışdır.
1998-ci ildən etibarən yerli kartof sortları ilə yanaşı, MDB ölkələrindən, Almaniyadan, Hollandiyadan, Polşadan və kartofçuluq sahəsində inkişaf etmiş digər Avropa ölkələrindən gətirilmiş müxtəlif kartof sortlarının geniş miqyaslı istehsal sınağına başlanmışdır.
Yeni kartof sortları Respublika Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən mütəmadi olaraq sınaqdan keçirilməlidir.
3.1.1. Azərbaycanda yayılmış bəzi kartof sortları
Çörəkdən sonra ikinci mühüm ərzaq məhsulu sayılan kartof mühüm kənd təsərrüfatı bitkisidir. Dünya bitkiçilik məhsulları istehsalında o, çəltik, buğda və qarğıdalıdan sonra birinci yeri tutur. Son illər Respublikanın müxtəlif bölgələrində kartofun “Spunta”, “Lizetta”, “Simfoniya”, “Monoliza”, “Redstar”, “Latona”, “Liyu”, “Drop”, “Diamant”, “Frezko”, “Orlan”, “Aqata”, “Maranqa”, “Arnova”, “Anosta”, “Fianna”, “Kondor”, “İmpala”, “Arinda”, “Karata”, “Arkula”, “Karatop”, “Adretta”, “Karlena”, “Yarla”, “Koretta”, “Karona”, “Anella”, “Priyekulskiy ranniy”, “Likariya”, “Jukovskiy”, “Udaça”, “Prolisok”, “Askamit”, “Lazurit”, “Yavar”, “Rosinka”, “Temp”, “Sintez” və s. misal göstərmək olar. Bu sortlardan “Spunta”, “Monoliza”, “Lizetta”, “Redstar”, “Simfoniya”, “Kondor”, “Yarla”, “Latona”, “İmpala”, “Arinda”, “Likariya” sortları daha çox məhsuldarlığı və əla keyfiyyət göstəriciləri ilə fərqlənir.