3.1.1.1. Priyekulskiy ranniy
Latviya Priyekul təcrübə stansiyasında yaradılmışdır. Sort tezyetişəndir, yumrularının rəngi ağdır, forması dəyirmi-ovaldır.
Çəkisi 100-120 qramdır, tərkibində 16-20 faiz nişasta vardır. Kolu xırdadır, yarpaqları iridir, çox yarpaqlıdır.
Gövdələri yaşıl rəngdədir. Təsadüfi hallarda çiçək açır, lakin toxum vermir. Məhsuldarlığı ortadır.
Xərçəng xəstəliyinə davamlıdır.
Virusa, fitoftoroza, adi dəmgil xəstəliklərinə davamsızdır.
Dad keyfiyyəti və əmtəəlik görkəmi yaxşıdır.
1995-ci ildən Azərbaycan şəraitində rayonlaşdırılmışdır (Şəkil 3.6).
3.1.1.2. Oqonyok
Belorusiya Elmi Tədqiqat Kartofçuluq institutunun alimləri tərəfindən yaradılmışdır.
Orta yetişəndir, sürfə sortudur, yaxşı və əla dad keyfiyyətinə malikdir. Məhsuldarlığı orta hesabla 320-340 sentnerdir. Kolu orta hündürlükdədir. Gövdəsi yoğundur, yaşıldır, dikdurandır.
Yarpaqları iridir, rəngi tünd-yaşıldır. Çoxlu çiçəklər açır, orta ömürlüdür. Ləçəkləri qırmızı-bənövşəyi olub uc nahiyəsi ağdır. Yumruları ağdır, dairəvi-ovaldır.
Çəkisi 129-143 qram olur. Yumrularda nişastanın miqdarı ortadır (12,8-18,4 faiz). Xərçəng xəstəliyinə davamlıdır, vegetasiyanın sonunda fitoftorozla zəif sirayətlənir.
Azərbaycan şəraitində rayonlaşdırılmışdır (Şəkil 3.4).
3.1.1.3. Rodomışılskiy
Ukrayna Pollessiya təcrübə stansiyasında yaradılmışdır. Sort orta faraşdır, ərzaqlıqdır, yaxşı dad keyfiyyətinə malikdir.
Məhsuldarlığı 300-400 sentner/hektardır. Kolu dikdurandır, orta hündürlükdədir. Yarpaq sahəsi ortadır. Çiçəkləməsi ortadır, rəngi ağdır, giləmeyvə vermir. Gövdəsi çoxsaylıdır.
Yumrusu ovaldır, ağdır. Gözcüklərin miqdarı azdır, kiçikdir, qabığı zəifdir. Ətli hissəsi ağdır və kəsdikdə tündləşmir.
Yumruların çəkisi 75-101 qramdır, tərkibində nişastanın miqdarı 13,3-17 faizdir. Sort xərçəng xəstəliyinə çox davamlıdır, fitoftoroza, yarpaq bükülməsinə davamlılığı zəif, dəmgilə isə orta dərəcədədir.
Azərbaycan şəraitində rayonlaşdırılmışdır.