3.3.5. Əkin üsulları
Xırda sahələrdə və fərdi təsərrüfatlarda kartofu əllə əkirlər (Şəkil 3.26). İri təsərrüfatlarda kartofu ən çox 6 cərgəli KSM (КСМ)-6 (Şəkil 3.27), kartofəkənlə, ya da 4 cərgəli СН-4B(Б)-1 və СН-4 B (Б)-2 (Şəkil 3.28) maşınları ilə əkirlər. İri cücərtili yumrular SYA (СЯ)-4 markalı asma kartofəkənlə əkilir. Cərgəarası 60-70 santimetr, bitkiarası məsafə isə 20-40 santimetrə qədər götürülür. Hektarda optimal bitki sıxlığı bölgədən və torpaq tipindən asılı olaraq 45-55 min kol arasında dəyişir. Toxumluq material üçün bitki sıxlığını 60 minə qədər çatdırmaq lazımdır.
Kartofu əvvəlcə şırım açaraq yumruları dibə düzmək, şırımaçanla qonşu şırımı açdıqdan sonra isə üstünü torpaqla örtməklə də əkmək olar.
Yumruların əkilmə dərinliyi əmələ gələn köklərin və yumruların sayına çox təsir edir. Faraş kartofu ən çox 4-6 santimetr dərinliyə əkirlər, yumrunun zirvəsi yuxarı durmalıdır. Bu, isinən torpağın üst qatında yumrunun tez cücərməsinə şərait yaradır.
Dəmyə və çox quraq rayonlarda kartofu 12-15 santimetr və daha çox dərinliyə əkirlər. Faraş kartofun 1-2 dəfə, gecyetişən kartofun 2-3 dəfə dibini doldururlar. Çox quraq və dəmyə yerlərdə buxarlanmanın qarşısını almaq üçün, xüsusən, dərin əkilən kartofun dibini doldurmurlar.