3.3.6. Əkinə qulluq
Əkinlərə qulluq əməliyyatlarında əsas məqsəd torpağın yumşaq və alaqlardan təmiz saxlanmasıdır. Suvarmalar və becərmələr yolu ilə torpağın rütubəti tarla su tutumunun 70-80 faizi qədər saxlanmalıdır. Kartof cücərtiləri görünənə qədər tarlada alaq otlarının cücərtiləri alınarsa, yaxud torpaq səthində qaysaq əmələ gələrsə, mala çəkilir. Malalamanı cücərtilərin boyu 10 santimetr olana qədər aparmaq olar. Vegetasiya müddətində 3-4 dəfə kultivasiya aparılır. Qranulometrik tərkibi yüngül olan torpaqlarda becərmə dərinliyi 5-7 santimetr, ağır torpaqlarda isə 10-15 santimetr hesab olunur.
Vegetasiya dövründə torpağın becərilməsi malalamalar, kultivatorlarla cərgə və bitki aralarının torpağını yumşaltma və dibdoldurmalardan ibarətdir.
Cücərmədən əvvəl və dərhal cücərmədən sonra 1-2 dəfə torlu BSH-4 (БСН-4) və BKO-4 (БСО-4) (Şəkil 3.29) malaları ilə, ya da КОН-2,8 РМ və КРН-2,8 kultivatorlarına qondarılan BRU-0,77 (БРУ-0,77) markalı rotasiya malası ilə əkini malalayırlar. Malalama qaysağı dağıdır, torpağın su ehtiyatını qoruyur, hava rejimini yaxşılaşdırır, yenicə cücərmiş alaqların 80 faizini məhv edir.
Cücərmədən sonra da, xüsusən, yağışlardan və suvarmadan sonra daha 1-2 mala çəkirlər.
Cücərtilər tam aydın göründükdə КОН-2,8 РM, ya da КРН-2,8 kultivatorları ilə ilk kultivasiya çəkilir. Qumsal və yüngül gillicəli torpaqları 6-8 santimetr, ağır torpaqları 14-16 santimetr dərinlikdə yumşaldırlar. 8-12 gündən sonra kultivasiyanı təkrar edirlər, ya da dibdolduranla 1-ci dibdoldurma proseduru aparılır. Bu halda oxvarı pəncə ilə dərin şırım açılır. Kultivasiyalar zamanı əlavə gübrə verilir. 1-ci əlavə gübrələmə zamanı kütləvi cücərmədən sonra təsiredici maddə hesabı ilə 15 kiloqram N, 15 kiloqram P2O5, 20 kiloqram K2O verilir. 2-ci əlavə gübrədə (2-ci dibdoldurma zamanı) yenə uyğun olaraq 15 kiloqram azot, 20 kiloqram fosfor və 30 kiloqram kalium gübrəsi verilir, yaşıl kütlə yaxşı böyüyürsə, 2-ci əlavə gübrədə azot verilmir. Bunlardan başqa, hər iki əlavə gübrələmə zamanı hektara 6 ton peyin şirəsi verilir.
Dibdoldurma kartof becərilməsində ən vacib əməliyyatdır. Dibdoldurma misal üçün КОN-2,8 (КОН-2,8), KUTS-2,8 B (КУТС-2,8 Б), KOKS-2,76 (КОКС-2,76) markalı kultivatorla aparılır. Bitkilərin dibi doldurulduqda gövdə üzərində yeni köklər və çoxlu yeraltı gövdələr (stolonlar), yumrular əmələ gəlir, məhsuldarlıq kəskin surətdə artır, yumrular günün altına çıxıb yaşıllaşmır və keyfiyyəti yüksək olur. Bunu nəzərə alaraq ən azı 2 dəfə dibdoldurma tətbiq edilir. 1-ci dibdoldurma gövdələrin uzunluğu 15-18 santimetrə çatdıqda aparılır və gövdənin baş hissəsində 5-7 santimetr açıq qoyulur. Bir daha gövdələr 13-17 santimetrə çatdıqda eynilə 2-ci dəfə bitkilərin dibi doldurulur. Bununla da cərgəarası becərmə dayandırılır. Alaqlara qarşı 2-3 dəfə cərgə aralarına kultivasiya çəkilir, ya da bellə yumşaldılır.