4.1.2. Fosfor gübrəsi
Fosfor kartof bitkisinin kök sisteminin inkişafını sürətləndirir, yetişmə müddətini qısaldır, keyfiyyət göstəricilərini yaxşılaşdırır və yumrularının qabığını möhkəmləndirir. Fosforla zəif təmin olunmuş torpaqlarda fosfor gübrəsi, əsasən, payızda şum altına verilir. Fosfor gübrəsinin əsas növləri superfosfat (Şəkil 4.5) və ammofos (Şəkil 4.6) hesab olunur. Fosfor gübrəsi bir qayda olaraq həm payızda şum altına, həm də yazda yemləmə şəklində verilir. Lakin fosforla nisbətən yaxşı təmin olunmuş sahələrdə suda həll olan fosfor gübrəsini torpağa əkinqabağı vermək daha faydalıdır. Təsiredici maddə hesabı ilə kartof əkininin hər hektarına 60-90 kiloqram miqdarında fosfor gübrəsi verilməlidir. Fosfor gübrəsinin tətbiqi nəticəsində kartofun məhsuldarlığını 40 sentnerədək artırmaq mümkündür.
4.1.3. Kalium gübrəsi
Kalium elementi kartofda sulu karbonların əmələ gəlməsini, hərəkətini, toplanmasını təmin edir. Bitki kaliumla normal təmin olunduqda onun suya olan tələbatı nisbətən azalır, quraqlığa, xəstəliklərə və digər xarici amillərin mənfi təsirinə davamlılığı artır.
Çoxillik tədqiqatlarla müəyyən edilmişdir ki, yüksək kartof məhsulu almaq üçün torpaqda Kalium oksidinin miqdarı 100 qramda 6 milliqramdan aşağı olmamalıdır. Kalium gübrəsinin hektara təxmini norması 60-90 kiloqramdır (təsiredici maddə hesabı ilə) və bu miqdar torpaq şəraitindən asılı olaraq dəyişə bilər.
Kalium çatışmazlığı nəticəsində kartof bitkisinin yarpaqlarının kənarlarından başlayaraq saralma gedir, qəhvəyi ləkələr əmələ gəlir, yerüstü vegetativ kütləsi vaxtından əvvəl soluxur. Bir qayda olaraq kalium gübrəsinin şum altına verilməsi daha məqsədəuyğundur.