4.1.4. Maqnezium
Kartof bitkisi maqneziuma daha çox tələbkardır. Belə ki hər hektardan 300-400 sentner kartof məhsulu almaq üçün torpağa 60-80 kiloqram/hektar (MgO) maqnezium gübrəsi verilməlidir (Şəkil 4.8). Kartofun vegetativ kütləsində maqneziumun miqdarı quru maddədə 0,12 faizdən aşağı düşdükdə bitkidə maqnezium çatışmazlığı yaranır, nəticədə məhsuldarlıq və yumrularda nişastanın miqdarı aşağı düşür.
Kartof əkiləcək torpağın hər hektarına orta hesabla 60-90 kiloqram maqnezium gübrəsi verilməsi tövsiyə olunur.
Kartofda maqnezium elementi hədsiz dərəcədə çatışmadıqda 5 faizli maqnezium sulfat gübrəsi ilə kökdənkənar yemləmə aparılması səmərəli nəticə verir. Yemləmənin ilk çiləmədə fitoftoroza qarşı işlədilən pestisidlərə kombinə edilmiş halda tətbiqi daha sərfəlidir və əlavə xərcləri azaldır.
Kartof bitkisində mikroelementlərin çatışmazlığına təsadüfi hallarda rast gəlmək olur. Bitki, adətən, bu və ya digər mikroelementləri torpağa verilmiş üzvi gübrələrin hesabına mənimsəyir. Xüsusilə, hümusla zəngin, meşə altı, qara torpaqlar makro və mikroelementlərlə daha zəngindir.
4.1.5. Üzvi gübrələr
Üzvi gübrələrə peyin (Şəkil 4.11), peyin şirəsi (Şəkil 4.12), quş zılı, torf (Şəkil 4.13), müxtəlif bitki kompostları (Şəkil 4.14), şəhər təsərrüfatlarının üzvi tullantıları (çirkab suları, çirkab sularının çöküntüləri, şəhər zibilləri), sapropel, yaşıl gübrə (sideratlar, Şəkil 4.16) aiddir. Üzvi gübrələrin təsiri 3-4 il və daha artıq müddətdə müsbət təsirini göstərir.
Respublikanın bütün bölgələrində əsas üzvi gübrə peyindir.