Zəhərli kimyəvi preparatlarla işləyərkən mövcud təlimatlara uyğun olaraq təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Belə ki xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə aparılan sahələrdə ən azı 3-5 gün insanların sahəyə çıxmasına və yaxud işləmələrinə yol verilməməlidir (Şəkil 4.18).
4.2.1. Alaq otları və onlara qarşı mübarizə tədbirləri
Kartof kənd təsərrüfatı bitkiləri içərisində alaq otlarının, xəstəlik və zərərvericilərin mənfi təsirinə ən çox məruz qalan bitkilər qrupuna daxildir.
Kartofun yerüstü hissəsində və yumrularında kifayət qədər suyun, qida elementlərinin olması vegetasiya dövründə və yumruların uzun müddət saxlanması zamanı çoxsaylı xəstəlik və zərərvericilərlə sirayətlənməsinə əlverişli şərait yaradır. Bütün bunların nəticəsində hər il min tonlarla məhsul itkiyə gedir, ətraf mühit çirklənir.
Bu baxımdan kartof bitkisinin alaq otlarına, xəstəlik və zərərvericilərinə qarşı səmərəli mübarizə aparılması ən vacib tədbirlərdən biri hesab edilir.
Kartof bitkisi cərgəarası becərilən bitkilər qrupuna daxil olduğu üçün çıxış alınan dövrdən cərgələr birləşənədək və hətta vegetasiyanın sonunadək torpaqda olan müxtəlif növ alaq otlarının və parazit bitkilərin mənfi təsirinə məruz qalır. Alaq otları kartof sahəsində inkişaf edərək torpaqda olan qida maddələrini, suyu mənimsəyir, cərgədə sıxlıq yaradır, bitkinin hava və su rejimini pozur. Odur ki, kartof əkinlərində alaq otlarına qarşı kompleks mübarizə tədbirlərinin aparılması mühüm aqrotexniki tədbirlərdən biri sayılır.
Alaq otlarına qarşı mübarizə aparmaq üçün ilk növbədə sahələrdə mütəmadi müşahidələr aparılmalı və əkinlərin alaq otları ilə alaqlanma dərəcəsi müəyyənləşdirilməlidir.
Yumruların çıxışı zamanı hər kvadrat metrdə 5 ədəd və yaxud ümumi sahənin 5 faizinin alaq otları ilə alaqlanması kartofun məhsuldarlığını 4-5 faiz aşağı sala bilir.