4.2.2.1. Fitoftoroz-boz çürümə (Phytophtora infestans)
İqlim şəraitindən və becərilmə texnologiyasından asılı olaraq fotoftoroz xəstəliyinin təsiri nəticəsində kartofun yerüstü kütləsinin 50 faizi vaxtından əvvəl soluxur, məhsuldarlığı aşağı düşür, saxlanma zamanı kartof yumrularının keyfiyyət göstəriciləri və əmtəəlik görkəmi pisləşir (Şəkil 4.33). Xəstəliyin ilk əlamətləri, adətən, cərgələrdə yerüstü kütlə sıxlaşan dövrdən müşahidə olunmağa başlayır. Bu vaxt yarpaqların kənarlarında qonur ləkələr əmələ gəlir (Şəkil 4.34). Xəstəliyin əlamətləri saplaqda, gövdədə, bəzən qönçə və meyvəciklərdə də müşahidə olunur (Şəkil 4.35). Yumrularda xəstəliyin nişanələri qonur-boz rəngə çalır. Yarpaqların alt səthində sağlam toxumalar ilə ləkələrin sərhəddində göbələyin ağ örtüyəbənzər təbəqəsi inkişaf edir.
Fitoftoroza qarşı tətbiq edilən ən səmərəli və ekoloji baxımdan təhlükəsiz olan mübarizə tədbirlərindən biri də bitki ekstratlarından hazırlanmış preparatlardan istifadə edilməsidir. Belə ki sarımsaq bitkisinin çiçəklənmə fazasında yerüstü yaşıl kütləsindən 250 qram götürüb xırdalayaraq 1 litrlik qaba töküb ağzını möhkəm bağlamaq lazımdır. Sonra bu məhlul 5 gün saxlandıqdan sonra süzgəcdən keçirilir və su əlavə edilərək 10 litrə çatdırıldıqdan sonra bitkiyə çilənir.
Xəstəliyin inkişafı üçün əlverişli şərait yarandıqda fitoftoroz bir neçə gün ərzində bitkini tam yoluxduraraq yarpaqları, gövdələri inkişafdan salır və bitki soluxur. Göbələyin sporları asanlıqla gövdədən yumrulara keçə bilir.
Kartofu ərzaq üçün və toxumluq məqsədilə anbarlarda saxladıqda da yumruları fitoftorozla yoluxur.
Xəstəliyin inkişafı 10-250C temperaturda və 75 faizi nəmlikdə daha intensiv xarakter alır. Ona görə də sıx alaqlarla güclü sirayətlənmiş sahələrdə çətin havalanma şəraiti yarandığı üçün fitoftorozun inkişafı daha da sürətlənir. İsti və quraqlıq keçən illərdə göbələyin inkişafı xeyli zəifləyir, 35-400C temperatur şəraitində isə tamamilə dayanır.