4.2.2.5. Qara ayaq (Erwinia carotovora subsp atroseptika)
Xəstəliyin təsirindən bitkilər vaxtından əvvəl tələf olur, kartofun məhsuldarlığı 15-20 faiz aşağı düşür. Xəstəliyə nisbətən az bitki (5 faizə qədər) sirayətlənir. Quraqlıq keçən illərdə və aşağı nəmlik şəraitində xəstəliyə yoluxmuş bitkilərin miqdarının bəzən 40-50 faizə çatması müşahidə olunur.
Xəstəlik eyni zamanda kartofun saxlanması zamanı da xeyli məhsul itkisinə səbəb olur. Xəstəliyi törədən bakteriyalar, əsasən, xəstəliyə tutulmuş ve mexaniki təsirlərdən zədələnmiş yumruları daha tez sirayətləndirir (Şəkil 4.47).
Xəstəlik bitkinin vegetativ orqanlarını da yoluxdurur. Yumrular çıxış verdikdən sonra xəstəliyin əlamətləri daha tez müşahidə olunur. Belə ki ayrı-ayrı gövdələr və kollar saralır, soluxur və yarpaqlar qıvrılaraq vaxtından əvvəl quruyur (Şəkil 4.48). Zədələnmiş gövdələrin aşağı hissələri və kökləri qaralır, bitki torpaqdan asanlıqla qopa bilir. Yüksək nəmlik və temperatur şəraiti xəstəliyin inkişafını sürətləndirir. Xəstəliyin törədicisi, əsasən, toxumluq yumrularda qalır.
Mübarizə tədbirləri: İlk növbədə xəstə yumrular çıxdaş edilməli, toxumlar 2-3 həftə ərzində 14-180C temperatur şəraitində qurudulmalıdır. Yalnız zədələnməmiş, bütöv və sağlam kartof yumruları ilə əkin keçirilməlidir.
Yığımdan əvvəl kartof kolu biçilməli və yerüstü hissəsi kimyəvi üsulla zərərsizləşdirilməlidir ki, xəstəliyin təkrar yayılmasının qarşısı alınsın.
Qara ayaq xəstəliyinə davamlı kartof sortları əldə edilməli, məhsul yığılan qablar 5 faizli göydaş məhlulu ilə zərərsizləşdirilməlidir.
Əkindən əvvəl kartof toxumları fitosporinlə (Şəkil 4.49) (150-200 qram/litr) və yaxud Maksim funqisidi (Şəkil 4.45) ilə (400 qram/litr) dərmanlanmalıdır.