4.2.2.6. Yumruların yaş bakterial çürüməsi (Erwinia carotovora Spp)
Xəstəlik, əsasən, kartofun saxlanması zamanı baş verir. Lakin yüksək nəmlik şəraitində də xəstəliyə yoluxur. Bəzi illər xəstəliyə yoluxma nəticəsində əmtəəlik məhsulun 10-15 faizi itkiyə gedir. Mexaniki zədələnməyə məruz qalmış, fitoftoroza, dairəvi çürüməyə, qara ayaq xəstəliyinə yoluxmuş, nəmişli və qeyri-əlverişli şəraitdə saxlanılan yumrular bu xəstəliyə daha tez tutulur (Şəkil 4.19). Xəstəliyin törədicisi müxtəlif növlərə mənsub olan yarım saprotrof və saprotrof bakteriyalarıdır. Xəstəlik törədən bakteriyalar yumruların zədələnmiş hissələrindən toxumaya daxil olur. Xəstəliyə tutulmuş yumrular əvvəlcə açıq rəngə çalır, sonradan isə tutqun-qonur rəng alır və yumşalır. Nəmliyin təsirindən mət hissəsi sıyığa və yaxud selikli kütlə halına keçir.
Mübarizə tədbirləri: Aqrotexniki tədbirlərə, növbəli əkinə düzgün riayət edilməli, saxlanmaya qoymazdan əvvəl yumrular qurudulmalıdır. Toxumluq kartof açıq şəraitdə havalandırılmalıdır ki, xarici şərait amillərinə davamlılığı artsın. Saxlanma yeri qurudulmalı, xlorlu əhənglə (Şəkil 4.51) zərərsizləşdirilməli, optimal temperatur və nəmlik rejimi yaradılmalıdır. Xəstə yumrular seçilərək çıxdaş edilməlidir. Əkindən əvvəl yumrular hər ton toxuma 2,1-2,5 kiloqram hesabı ilə Maksim (1 ton toxuma 200 qram) funqisidi ilə dərmanlanmalıdır.