4.2.2.8. Xərçəng (Synchytrium endobioticum)
Çox təhlükəli karantin xəstəliyidir. Güclü sirayətlənmə nəticəsində hər il kartofçuluqda xeyli məhsul itkisinin yaranmasına səbəb olur. Xəstəlik fərdi şəkildə, demək olar ki, bütün Avropa ölkələrində (şimal bölgələr müstəsna olmaqla) yayılmışdır. Kartofu təkrarən öz yerinə əkdikdə və əkin məqsədilə xərçəngə davamsız sortlardan istifadə etdikdə bəzən yumruların 80 faizi xəstəliyə tutula bilir.
Göbələyin sporu torpaqda və yumrularda qışlayır. Qışlayan sporlar - sistalar nisbətən davamlı olub torpaqda 20 ilədək qala bilir. Xəstəliyin törədicisi bəzən yumruların səthində 7-15 santimetr böyüklükdə fırlar əmələ gətirir (Şəkil 4.53). Kartofun gövdəsi və alt yarpaqları da xəstəliyin təsirinə məruz qalır. Köklər bu xəstəliyə, adətən, tutulmur. Fırlar topa şəklində olmaqla gül kələmə bənzəyir. Yüksək nəmlik, 16-200C temperatur şəraiti və əkinin düzgün növbələşdirilməməsi xəstəliyin inkişafını sürətləndirir. Həyətyanı və bağ yerləri xəstəliyin sürətlə inkişafı üçün daha əlverişli sayılır.
Mübarizə tədbirləri: İlk növbədə sahədə mütəmadi müşahidələr aparmaqla xəstəliyin yayılma arealını aşkar etmək lazımdır. Xəstəlik aşkar edildikdən dərhal sonra yerli bitki karantini əməkdaşlarına məlumat verilməli, xəstəliyin yayıldığı yuvalar zərərsizləşdirilməli, xəstə yumrularla əkinə qadağalar qoyulmalıdır.
Xərçənglə xəstələnmiş yumrular heyvanlara suda bişirilmiş halda yem kimi verilməlidir. Əks halda, onların ifraz etdikləri peyində olan xəstəliktörədicilərin sistaları torpaq vasitəsilə yenidən bitkiyə yoluxa bilər.
Kartofun yerüstü kütləsi isə kimyəvi üsulla (desikantlarla) zərərsizləşdirilməli və yaxud yandırılmalıdır. Karantin tədbirlərinə düzgün əməl etməklə xərçəngə davamlı sortlarla əkin keçirilməli, növbəli əkinə riayət edilməlidir.