Torpağın xərçənglə yoluxmasının qarşısını almaq məqsədilə aşağıdakı qaydada əkinlər növbələşdirilməlidir:
Tərəvəz bitkiləri (xiyar, kələm, süfrə çuğunduru, turp)-dənli-paxlalılar-tərəvəz bitkiləri-qarğıdalı-qarabaşaq-təmiz herik.
Xəstəliyin nisbətən az yayıldığı yerlərdə (0,02 hektardan çox olmadıqda) torpaq 60 faizli nitrafenlə (hər kvadrat metrəyə 400 qram hesabı ilə) zərərsizləşdirilməlidir.
4.2.2.9. Gümüşü dəmgil (Spondilocladium atrovizeus)
Xəstəliyin təsirindən toxumluq yumruların keyfiyyəti korlanır, saxlanma zamanı əmtəəlik məhsulun xeyli hissəsi itkiyə gedir. Xəstəliyə tutulmuş yumruların səthində tutqun rəngli ləkələr əmələ gəlir (Şəkil 4.54). Xəstəliyə tutulmuş yumrunun qabığı ətli hissədən aralanır və üzərində gümüşü rəngə çalan qəhvəyi ləkələr əmələ gəlir. Bir müddətdən sonra yumrunun üst hüceyrələri qonurlaşır və çürüyür. Xəstəliyin törədicisi torpaqda və toxumluq yumrularda uzun müddət qala bilir.
Mübarizə tədbirləri: İlk növbədə tarlada bitkilərin düzgün növbələşməsinə əməl edilməli, kartof öz əvvəlki əkildiyi yerə 3-4 ildən sonra qaytarılmalı, toxumlar optimal şəraitdə və normal havalanan yerlərdə saxlanmalıdır. Sağlam əkin materialı əldə etmək, dəmgilə davamlı sortlarla əkin keçirmək də mühüm mübarizə tədbirlərindən sayılır.
Yığımqabağı bitkinin yerüstü kütləsinin zərərsizləşdirilməsi, yığımın vaxtında aparılması və kartof yumrularının əkinqabağı dərmanlanması olduqca vacibdir.