4.2.2.10. Quru fuzarioz çürümə (Fusarium oxysporium)
Quru fuzarioz çürümə saxlanma zamanı kartofa ən çox ziyan vuran xəstəliklərdən biridir (Şəkil 4.55). Xəstəlik əvvəlcə məftil qurdları, gəmiricilərlə, fitoftoroz və fomozla sirayətlənmiş yumrulara yoluxur. Torpaqda azotun normadan artıq toplanması da xəstəliyin təsirini gücləndirir. Becərmə texnologiyasına və saxlanma rejiminə düzgün əməl edilmədikdə xəstəliyin təsirindən bəzən yumruların 60 faizi sirayətlənməyə məruz qalır.
Xəstəliyi müxtəlif növ fuzarium göbələkləri törədir.
Xəstəliklə sirayətlənmə nəticəsində zədələnən yumruların üzərində kiçik ölçülü bozumtul-qonur rəngdə quru ləkələr əmələ gəlir. Bir müddətdən sonra ləkələr tədricən böyüyür, toxumalar yumşalır, tündləşir. Yumruların səthində, adətən, bozumtul-ağ, bəzi hallarda isə sarımtıl və ya narıncı yastıqcıqlar əmələ gəlir. Nəticədə yumrular bərkiyir, çəkiləri azalır və yüngülləşir.
Gündüz lampaları ilə işıqlanan yerdə təzə yumrular qırmızımtıl, yaşıl və narıncı rəng verir. Kartofu çeşidləyən zaman göbələyin konidiləri sağlam yumrulara sirayətlənir və zədələnmiş hissələrdən onları yoluxdurur. Konidilər 00C-dən 250C-qədər temperatur şəraitində inkişaf edə bilir. Odur ki, hətta düzgün saxlanma şəraitində xəstəliklə sirayətlənmə ehtimalı istisna olunmur. Lakin bu zaman çürümə prosesi xeyli zəifləyir və itkilərin faizi azalır.
Xəstəliyin törədicisi torpaqda, bitki qalıqlarında və soyuducu anbarlarda qalaraq təkrarən yumruları yoluxdurur.
Mübarizə tədbirləri: məhsul yığımı vaxtında aparılmalı, torpaqda azotun normadan artıq toplanmasına yol verilməməlidir. Kartofun uzun müddət saxlanması üçün yumrular əvvəlcə qurudulmalı, əkin materialı seçilərək qeyri-standart, zədələnmiş, xəstəlik və zərərvericilərlə sirayətlənmiş yumrulardan ayrılmalıdır.