Müşahidələr göstərir ki, tərkibində natrium və kaliumun suda həll olan duzları normadan artıq olan torpaqlarda xəstəliyə, adətən, daha çox rast gəlmək olur.
Mübarizə tədbirləri: Növbəli əkinə düzgün riayət etməklə kartof öz əvvəlki əkildiyi sahəyə 4-6 ildən sonra qaytarılmalıdır. Toxumluq üçün ayrılmış sahələrdən xəstə bitkilər təmizlənməli və çıxdaş edilməlidir.
Yaz vaxtı, əsasən, yarovizasiya mərhələsini keçmiş yumrularla əkin keçirilməlidir. Sağlam və xəstəliyə davamlı kartof sortlarının əkininə daha çox üstünlük verilməlidir. Kartofun paxlalı bitkilərlə növbələşdirilməsi, yığımdan əvvəl yaşıl kütlənin biçilməsi və zərərsizləşdirilməsi də mühüm mübarizə tədbirlərindən sayılır.
4.2.2.12. Fomoz və yaxud düyməvarı çürümə (Phoma exigua var foveata, phoma exigua var exigua)
Xəstəlik, əsasən, kartofun anbarlarda saxlanması zamanı baş verir. Sirayətlənmə dərəcəsindən, becərildiyi şəraitdən asılı olaraq xəstəliyin təsirindən əmtəəlik məhsulun 15–80 faizi itkiyə gedir.
Xəstəliyə tutulmuş yumruların üzərində baş barmağa və yaxud düyməyə oxşar tutqun bərk ləkələr əmələ gəlir (Şəkil 4.58). Ləkələrin ayrılan yerləri açıq-qəhvəyi rəngə çevrilir. Bir müddətdən sonra ləkələrin səthində göbələyin çoxlu sayda piknidləri əmələ gəlir və yumrunun qabığını deşərək xaricə çıxır.
Xəstəliyin inkişafı nəticəsində toxumalar tünd-boz rəngə çevrilir və yumrular bürüşük vəziyyətə düşür (Şəkil 4.59). Yaz vaxtı xəstəliyə tutulmuş yumrular tamamilə çürümüş vəziyyətə düşür və əkin üçün yararsız olur.
Gövdə üzərində xəstəliyin əlamətləri çiçəklənmə fazasında baş verir. Xəstəlik, adətən, yarpağın saplaq hissəsində uzunsov, əvvəlcə dağınıq açıq, sonra isə tutqun ləkə şəklində müşahidə olunur.
Xəstəliyə tutulmuş bitkilərin boy və inkişafı zəifləyir, yerüstü yaşıl kütləsi soluxur. Xəstəliyin törədicisi kartof yumrularının və bitki tullantılarının üzərində qala bilir.