Mübarizə tədbirləri: Növbəli əkinə düzgün riayət edilməli, kartof yumruları öz əvvəlki əkildiyi yerə 3-4 ildən sonra qaytarılmalıdır. Sağlam və xəstəliyə davamlı kartof sortları ilə əkin keçirilməli, yığımqabağı bitkinin yerüstü kütləsi biçilməli və kimyəvi üsulla zərərsizləşdirilməlidir.
Kartof saxlanan anbarlar əvvəlcə qurudulmalı, təmizlənməli, mütəmadi olaraq havalandırılmalı, optimal temperatur və nəmlik rejimi yaradılmalıdır. Kartofu saxlanmaya qoymazdan əvvəl yumrular 60-90 qram/ton norma ilə Tekto funqisidi (Şəkil 4.46) ilə (məhlul sərfi 2 litr/ton), əkinqabağı isə Fundazolla (Şəkil 4.60) (0,5-1,0 kiloqram/ton) dərmanlanmalıdır. Eyni zamanda kartofu saxlanmaya qoymazdan əvvəl hər ton yumruya 200 qram və əkindən əvvəl hər ton toxuma 400 qram hesabı ilə Maksim (Şəkil 4.45) funqisidi ilə qabaqlayıcı mübarizə tədbirləri aparılmalıdır.
4.2.2.13. Yarpaqların qıvrılması (Solanum virus)
Xəstəliyin zərərli təsiri çox yüksək olub kartofun məhsuldarlığı 70 faizə, yumrularda nişastanın miqdarı isə 2-5 faizə qədər aşağı salır. Xəstəliyin törədicisi (yarpaq qıvrımı virusu) həşəratlar və xüsusilə, mənənələr (yaşıl şəftəli mənənəsi) vasitəsi ilə yayılır. Eyni zamanda kolorado və xallı kartof böcəkləri vasitəsi ilə də virusun yayılması müşahidə olunur. Virus, əsasən, gövdənin boru hissəsini və yumruları sirayətləndirir.
Xəstəliyə tutulmuş bitkilər inkişafdan qalır, gövdələri, yarpaqları saralır və adətən, çiçəkləmir (Şəkil 4.61.). Aşağı yarpaqları qıvrılaraq yarım boru formasını alır və xloroza çevrilir. Eyni zamanda orta və yuxarı yarpaqlar da qıvrılmağa məruz qalır.
Xəstə yarpaqlar nazilir və əzilmiş formaya düşür. Gövdələrin miqdarına görə xəstələnmiş kollar sağlam kollardan fərqlənmir. Xəstə kol altında normal formada, lakin xırda yumrular əmələ gəlir.