Qaralma prosesi kartofun yığımı, çeşidlənməsi, daşınması zamanı yuxarı (10-120C) və aşağı (0,+10C) temperatur şəraitində baş verir. Eləcə də quraq, isti hava şəraiti və xüsusilə, kalium elementi çatışmayan torpaqlarda da yumruların qaralması prosesi baş verə bilər.
Qaralmış yumrular bir qayda olaraq dad keyfiyyətini itirir. Xəstəliyin inkişafı gücləndikdə isə yumruların cücərməsi zəifləyir.
Mübarizə tədbirləri: Kartofun yığılması, daşınması və saxlanması zamanı mövcud qaydalara düzgün riayət edilməlidir.
Kartof əkinlərinə mütləq kaliumlu gübrələr verilməli (Şəkil 4.7, Şəkil 4.8), kartof yumruları tam yetişmiş halda yığılmalıdır.
4.2.2.17. Yumruların dəmirli pas xəstəliyi
Yumruların xarakterik xəstəliyi olub kartof yetişdirilən əksər bölgələrdə geniş yayılmışdır.
Dəmirli pas xəsətliyi, əsasən, yüngül mexaniki tərkibli, qida maddələri və su ilə zəif təmin olunmuş torpaqlarda əmələ gəlir.
Xəstəliyin təsirindən kartofun məhsuldarlığı bəzi illərdə 10-15 faiz aşağı düşür. Zədələnmiş yumrularda nişastanın miqdarı azalır, bişirmə üçün tam yaramır və qəhvəyi rəngə çevrildiyindən əmtəəlik görkəmini itirir.
Bu xəstəlik yumruların daxili hissəsini əhatə etdiyi üçün fitoftorozdan fərqlənir (Şəkil 4.64).
Qida maddələrinin və xüsusilə, fosfor elementinin torpaqda çatışmazlığı xəstəliyin meydana çıxmasının əsas səbəblərindən biridir.
Mübarizə tədbirləri: İlk növbədə, kartof əkinləri münbit və dərin əkin qatına malik olan torpaqlarda aparılmalıdır. Əkinlərə vegetasiya ərzində tələb olunan miqdarda fosfor gübrəsi (Şəkil 4.5, Şəkil 4.6) verilməli və digər aqrotexniki qaydalara düzgün riayət edilməlidir.