4.2.3.2. Fırlı nematod
Bu, təhlükəli zərərverici kartofun kökünü, yumrularını və bitkinin yerüstü hissələrini ciddi zədələyir. Zədələnmiş gövdə və kök üzərində 0,5-1,5 millimetr diametrində kiçik ölçülü fırlar əmələ gəlir və getdikcə onların ölçüsü böyüyərək toxumaların deformasiyasına səbəb olur. Zədələnmiş toxumalara daxil olan potogen mikroorqanizmlər onları çürüdür.
Kartof yumrularında ağ, mirvariyə oxşar armudabənzər formada fırlar əmələ gəlir və buraya xeyli miqdarda nematod toplanır (Şəkil 4.66). Zədələnmiş bitkilərin inkişafı zəifləyir, vaxtından əvvəl soluxur və tədricən məhv olur.
Fırlı nematod qumlu və yüngül mexaniki tərkibli torpaqlarda gilli torpaqlara nisbətən daha çox yayılır. Nematod aşağı temperatur və nəmlik şəraitinə dözümlüdür. Nematodun yumurtaları torpaqda və bitki qalıqlarında qışlayır. Yazda yumurtalardan sürfələr çıxır və bitkinin kök sisteminə daxil olur. Bir dişi fərd 500 ədədə qədər yumurta qoya bilir. Yay ərzində ilin iqlim şəraitindən asılı olaraq nematod 3-dən 10-dək nəsl verir. Sürfələri sap şəkilli olub uzunluğu 375-500 mikrona, eni isə 15-17 mikrona çatır.
4.2.3.3. Gövdə nematodu
Nematod, əsasən, bitkinin yerüstü, yeraltı gövdələrinə və yumrularına yoluxur (Şəkil 4.67, Şəkil 4.68). Xüsusilə, gövdə nematodu yumruların zədələnməsi üçün daha təhlükəlidir. Nematodun təsiri nəticəsində yarpaqlar solğunlaşır, kiçilir və uc nahiyəsi dalğalı formaya düşür. Zərərvericinin təsirindən əvvəlcə yumruların üzərində bir neçə cizgilər əmələ gəlir və sonradan onlar bozumtul qurğuşun rənginə çevrilir. Ləkələr tədricən inkişaf edərək gümüşü-boz rəng şəklini alır və yumruların qabığı bir neçə yerdən çatlayır. Çatlamış yerlərdə açıq-qəhvəyi rəngdə yumşaq toxumalar görünür.