4.2.3.5. Adi danadişi (Gzyllotalpa gryllotalpa)
Danadişi Azərbaycanın bütün bölgələrində geniş yayılmış təhlükəli zərərvericilərdən biridir. Həşəratın uzunluğu 35-55 millimetrə çatır. Danadişi qonur boz rəngdə olub güclü qabaq ayaqlara malikdir. Məhz bu ayaqları ilə torpaqda özünə çox sürətlə yol aça bilir (Şəkil 4.75). Yumurtaları oval formalıdır, sarı-boz rəngə çalır, uzunluğu 2-2,5 millimetrdir (Şəkil 4.76). Qısa müddətdə yumurtalardan sürfələr çıxaraq 1 ilədək torpaqda yaşaya bilir. Bu həşərat kartofun məhsuldarlığını aşağı salır, onun toxumluq, əmtəəlik keyfiyyətini korlayır. Zədələnmiş yumrular bir sıra göbələk və bakterial xəstəliklərə daha tez tutulur. Yumrular əmələ gələn dövrədək həşərat kartofun yerüstü cücərtilərini gəmirir.
Həşəratın yaşlı nəsli və sürfələri nəm torpaq qatının, peyin və çürüntülərin 90 santimetrədək dərinliyində qışlayır.
Yaz vaxtı nəmli şum təbəqəsinə çıxan həşərat torpaq səthi altında fəal hərəkət edir, toxumları, kökləri və gövdənin torpaqaltı hissəsini gəmirərək məhv edir. May-iyul aylarında dişi fərdlər 15 santimetr dərinlikdə toyuq yumurtasına oxşar yuvalar düzəldərək oraya 400-dək yumurta qoyur. 12-15 gün sonra yumurtalardan sürfələr çıxır. Onlar payızın sonunadək intensiv şəkildə bitki hissələri ilə qidalanaraq yenidən torpaqda qışlamağa gedir.