4.2.3.6. Payızlıq əkin sovkası
Bu zərərverici çox təhlükəli olub inkişaf etdiyi dövrdə kartofla yanaşı, 50-dən çox bitkini də zədələyə bilir.
Sovka ilə zədələnmə nəticəsində məhsulun əmtəəlik keyfiyyəti, toxuma yararlılığı və məhsuldarlığı aşağı düşür. Yumrular göbələk və bakterial çürümə xəstəliklərinə daha tez tutulur.
Sovkanın kəpənəyinin qabaq qanadları açıq-boz və ya tünd qonur rəngdə olur (Şəkil 4.79). Arxa qanadları isə açıq rəngə çalır. Qanadları 40-50 millimetrə çatır. Kartof və digər bitkilərə kəpənəyin tırtılları ciddi ziyan vurur. Yaşlı tırtıllar torpaqda qışlayır.
Kəpənəklər aprel ayından iyuladək uçmağa başlayır. Onlar yalnız gecələr uçur və qidalanır. Gündüzlər torpaq qırıntıları, kəsəklər, bitki tullantıları və alaq otları arasında özlərinə sığınacaq tapır. Kartof sahələrinə, alaq otlarına, quru bitki qalıqlarına və bəzən də torpaq qırıntıları üzərinə bir kəpənək orta hesabla 400-dən 800-dək yumurta qoya bilir.
Yumurtalardan 7-12 gün sonra çıxan tırtıllar kartofun gövdəsini gəmirir, yumrularını zədələyir, ətli hissəsini yeyir və yuva açdığı yerdə gizlənir. Gecələr isə torpaq səthinə çıxıb bitkilərin kök boğazını gəmirir.
Mübarizə tədbirləri: Kartof əkini üçün ayrılmış sahədə payızda dərin şum edilməli, torpağın səthi mütəmadi yumşaldılmalı, alaq otları məhv edilməlidir.
Aldadıcı yemlər hazırlayıb danadişiyə qarşı aparılan qaydada tətbiq edilir.
Bioloji metod kimi adi trixoqrammalardan istifadə edilməlidir. Sovkanın intensiv yayıldığı dövrdə hektara 0,05-0,08 kiloqram Desis ekstra insektisidindən və yaxud 0,3 kiloqram qatışdırılmış desis emulsiyasından istifadə edilməsi səmərəli mübarizə tədbirlərindən sayılır.
Digər tərəfdən kolorado böcəyinə qarşı tətbiq edilən preparatlar da tırtılları məhv edir. Odur ki, hər iki zərərvericiyə qarşı kompleks mübarizə aparılması daha səmərəlidir.