2.6. Pambıq bitkisinin torpağa tələbatı
Torpaq başqa bitkilər kimi pambıq üçün də əsas qida mənbəyidir. Qabaqcıl təsərrüfatlar elə bu səbəbə görə də torpağın yumşaq, nəm, qida maddələri ilə zəngin olmasına xüsusi qayğı göstərir. Pambıq bitkisi mexaniki tərkibcə müxtəlif torpaqlarda bitir. Mexaniki tərkibinə görə pambıq üçün yüngül gillicəli torpaqlar ən yararlı sayılır (Şəkil 2.18). Ağır gilli torpaqlar pambıq üçün az əlverişlidir (Şəkil 2.19), lakin bununla belə bu torpaqlarda yaxşı becərmə gedərsə (gübrələmə, suvarma və digər), o zaman yüksək pambıq məhsulu almaq olar.
Pambıq əkilən torpaq nə qədər strukturalı (dənəvər) olarsa, bitki bir o qədər yaxşı inkişaf edər. Struktursuz torpaqlarda daha çox qaysaq əmələ gəlir və onların su-fiziki xassələri əlverişsiz halda olur və bundan ilk olaraq pambıq bitkisinin yeni əmələ gəlmiş cücərtiləri əziyyət çəkir, onlar zəif inkişaf edir və qaysaq bitkinin zəif cücərtilərini kök boğazından sıxır. Struktursuz torpaqların su-hava rejimi pisləşdiyindən isti havalarda qaysaq təbəqəsi bərk qızır və pambığın zəif cücərtiləri məhv olur. Bəzən belə struktursuz torpaqlarda cücərti almaq mümkün olmur və təkrar səpinlər aparılır (Şəkil 2.20).
Əkin qatı qalın olan qüvvətli torpaqlar bitkinin normal böyüməsi və inkişafı üçün daha əlverişlidir. Pambığın normal inkişaf edib yüksək məhsul verməsində torpaqaltı (qrunt) sularının hansı dərinlikdə yerləşdiyinin də böyük əhəmiyyəti vardır. Xüsusilə, şorlaşmış torpaqaltı suların üzdə olması bitki üçün zərərlidir. Şorlaşmış suların torpaqda 3 metrdən artıq dərində yerləşməsi pambıq əkini üçün zərərsiz sayılır.
Azərbaycanın əsas pambıq rayonlarının yerləşdiyi Kür-Araz ovalığında əksər torpaqlar bozqonur, boz, boz-çəmən və çəmən-bataqlıq torpaqlarına mənsubdur. Bu torpaqlarda xloridli, sulfatlı-xloridli, sulfatlı-şorlaşma əmələ gəlmişdir. Pambıq nisbətən şoranlığa davam gətirsə də, duzların artıqlığından çox əziyyət çəkir. Torpaqda duzlar artıq olduqda bitkiyə zərərli təsir göstərir, su rejimini pozur, həyati proseslərə xeyli xələl gətirir. Bəzən bitkinin zəif inkişafına və hətta məhvinə də səbəb ola bilir. Torpağın şorluğu tədricən artdıqda pambıq bitkisinin duza davamlılığı artır və o, normal inkişaf edib məhsul verir. Torpağın həddindən artıq şorlaşması pambıqda yarpaqların həcmini kiçildir, buxarlanmanı zəiflədir və nəticədə məhsuldarlıq azalır. Ona görə şoranlığa davamlı sortlar yetişdirilir, həddindən artıq şorlaşmaya qarşı mübarizə tədbirləri həyata keçirilir.