Fərz edək ki, toxumun təmizlik faizi 98 faiz və cücərmə qabiliyyəti 96 faiz təşkil edir, onda toxumun təsərrüfat yararlılığı 94 faiz təşkil edir. Bu, onu göstərir ki, həmin yararlılığa malik toxum əkilərsə, sahədə cəmi 94 faiz çıxış almaq mümkün olacaq.
Toxumun sortluğu. Səpin materialı yüksək sortluq əlamətinə malik olmalıdır. Sortluq səpin materialında səpiləcək sortun bütün irsi xüsusiyyət və xassələrini saxlayacaq toxumların miqdarı ilə müəyyən edilir və özü də faizlə göstərilir. Sortluq faizi nə qədər yüksək olarsa, bitkilər birnövlü və sort qarışığından bir o qədər təmiz, yüksək məhsullu olacaqdır.
Elit toxumlar tam təmiz olmalı və heç bir digər sort toxumların qarışığı olmamalıdır. Digər sortların toxumlarının qatışığı birinci reproduksiya toxumlarda 1 faizdən, ikinci reproduksiyada 2 faizdən və üçüncü reproduksiyada isə 4 faizdən çox olmamalıdır.
Mexaniki zədələnmə. Zədələnmiş toxumlar səpildikdən sonra torpaqda tez çürüyə bilər. Standarta görə mexaniki zədələnmə norması əl ilə yığılan toxumlarda 5 faizdən, maşınla yığılanlarda isə 7 faizdən çox olmamalıdır.
Toxum üzərində qalan tüklülük - toxumluq materialında pəmpəaltından başqa, toxumların üzərində əlavə qalan liflər xüsusi rol oynayır. Belə ki tüklü toxumlarla səpin apardıqda bu liflər bir-birinə dolaşaraq komlar əmələ gətirir və səpici aqreqatın borularını, disklərin gözcüklərini tutaraq səpinin düzgün aparılmasına və normal çıxışın alınmasına mane olur. Nəticədə səpinlər çox seyrək olmaqla yanaşı, hektardan alınacaq məhsul da olduqca aşağı olur.
Məhz ona görə də Dövlət Standartına əsasən tüklü toxumlarda əlavə lif qalığına onların kütləsinin 0.8 faizindən və təbii tüksüz toxumlarda isə 0.4 faizdən çox olmasına icazə verilmir. Səpiləcək toxumlarda alaq otlarının toxumlarının və diri zərərvericilərin olmasına qəti icazə verilmir.
3.3.2. Səpin normasının təyini
Pambıq tarlasında keyfiyyətli çıxış almaq üçün düzgün səpin normasına əməl etmək lazımdır. Səpin norması toxumluq materialın təmizlik faizi, cücərmə qabiliyyəti, təsərrüfat yararlılığı, 1000 ədəd çiyidin kütləsi və səpin sxeminə (cərgəarası və bitkiarası məsafə) əsasən müəyyən olunur.
Fərz edək ki, 1000 ədəd pambıq çiyidinin kütləsi 120 qram, toxumun təmizliyi 99 faiz, cücərmə qabiliyyəti 96 faiz təşkil edir. Pambığın 60 santimetr cərgəarası və 15 santimetr bitkiarası məsafə ilə səpilməsi nəzərdə tutulur. Onda pambıq çiyidinin hektara səpin norması aşağıdakı qaydada müəyyən olunur:
Əvvəlcə toxumun təsərrüfat yararlılığı tapılır (Düstur 3.1.):