Listeriyaların ötürülməsində silos böyük rol oynayır. Gəmiricilərə listeriyaların gənələr vasitəsilə keçirilməsi aşkar edilmişdir. Xəstəliyə daha geniş halda qış-yaz mövsümündə rast gəlinir.
Kliniki əlamətləri. İnkubasiya dövrü 7-30 gündür. Sinir forması zamanı temperatur 40-41°C-dək yüksəlir, zəiflik, iştahanın kəsilməsi, göz yaşının artması müşahidə olunur. Xəstəlik 10 sutkayadək davam edir. Qoyunlarda boyunun qeyri-təbii əyilməsi (eybəcərləşməsi), donuzlarda arxaya yerimə, öskürək, qusma, ishal, ekzantema müşahidə olunur. Xəstəlik 60-100% hallarda ölümlə nəticələnir. Septiki forma körpə heyvanlarda ilk aylarda rast gəlinir. 10-14 gün davam edən xəstəlik çox vaxt ölümlə sonlanır.
Müalicəsi. Xəstəliyin yalnız ilk mərhələlərində tətbiq edilən müalicə səmərəli olur. Tetrasiklin qrupu antibiotikləri, ampisillin, sulfantrol və sulfadimezin tətbiq etmək olar. Streptomisin və biomisin hər kq canlı kütləyə 10-30 mq, gündə 2 dəfə, sağalana qədər tətbiq edilməlidir. Spesifik müalicə vasitəsi yoxdur.
Profilaktika və mübarizə üsulları. İlk növbədə törədicinin təsərrüfata daxil olmasının qarşısı alınmalıdır. Daxilolma yolları çox vaxt yeni gətirilən yoluxmuş heyvanlar və ya yemlər (silos, konsentratlar və s.) hesab edilir. Ona görə də təsərrüfatda heyvanlara və yemlərin keyfiyyətinə nəzarət profilaktikanın ən əsas qarşılayıcı tədbiri hesab olunur.
10.2 Brusellyoz
Qoyunlarda daha çox brusella melitensis və brusella ovis formasında rast gəlinir. Brusellyoz xəstəliyi, əsasən, xroniki gedişə malikdir. Kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların xroniki gedişli yoluxucu xəstəliyidir.
Balasalma və sonun ləngiməsi ilə xarakterizə olunur, lakin çox fərqli klinik əlamətlər də müşahidə olunur.
Törədicisi. Brusella cinsindən olan bakteriyalardır, bunların məlum olan 6 növündən 4-ü kənd təsərrüfatı heyvanlarında xəstəlik törədir.
İnsanlar üçün daha təhlükəli Brusella melitensis növü sayılır (əsasən, qoyunlarda xəstəliyin törədicisidirlər). Qaramalda br. abortus, donuzlarda br.suis, qoyunlarda br.ovis, itlərdə br.cans, gəmiricilərdə isə br. neotome növü xəstəliyi törədir. Bu tiplər bir-birindən morfoloji cəhətcə seçilmirlər, onların hamısı polimorf, kürəcik, çubuq və oval formada olurlar. Brusella tiplərindən heç biri spor əmələ gətirmir, hərəkətsizdirlər, qram-müsbət boyanırlar, xüsusi boyama üsulu Kozlovski üsulu hesab olunur.
Brusellalar təbiətdə S-, R- və RS- formalarında rast gəlinir, yoluxmuş heyvan orqanizmində sferoplast, protoplast, L- formalar əmələ gətirirlər.
Brusellalar endotoksin əmələ gətirən mikroorqanizmlərə aiddirlər, orqanizmdə retikuloendotelial sistem hüceyrələrində və hüceyrədən kənarda parazitlik edirlər.
Epizotologiyası. Xəstəlik törədicisinin əsas mənbəyi xəstə və brusella daşıyıcı heyvanlardır. Onlardan həssas sağlam orqanizmlərin yoluxması ətraf mühit keçiriciləri vasitəsilə (yem, su, əşyalar, otlaq və s.) və ya birbaşa kontakt yolu ilə (məsələn, cütləşmə zamanı) baş verir.