Yeni alınmış heyvanlar karantində saxlanmalı, yemlər üzərində baytarlıq nəzarəti olmalı, çiçəyə qarşı vaksinasiya edilmiş heyvandarlıq işçiləri 14 gün işdən azad olunmalıdır. Xəstəliyə görə ferma və təsərrüfatlara daxil edilmiş sağlam qoyun və keçilər 1 ay karantində saxlanmalıdır. Təsərrüfata karantin qoyulur. Çiçək zamanı bütün xırdabuynuzlu heyvanlar müayinədən keçirilir və 2 qrupa ayrılır. Təzə xəstəliyə tutulanlar və xəstəliyə şübhəlilər, ikinci qrupa isə sağlam heyvanlar. Birinci qrup heyvanları ayırıb müalicə edirlər, ikinci qrup heyvanlar peyvənd edilir. Xəstəlikdən məcburən kəsilmiş heyvanların əti və sağılan süd təsərrüfat daxilində paylanılır, ölmüş heyvan cəsədləri yandırılır. Təsərrüfatlarda qoyunlar peyvənd edilir və təsərrüfat ətrafında immun zona yaradılır. Cari dezinfeksiya məqsədilə 3%-li natrium qələvisi, 3%-li xlorlu əhəng və 2%-li sönmüş əhəng məhlullarından istifadə edilir.
Sərbəst iş üçün tapşırıqlar
1. Listerioz xəstəliyinin əmələgəlmə səbəbi;
2. Qeyri-düzgün saxlanma zamanı tez-tez rast gəlinən xəstəliklər;
3. Listeriozun müalicəsi, profilaktika və mübarizə tədbirləri;
4. Brusellyoz xəstəliyinin törədicisi və epizotoloji məlumatlar;
5. Brusellyoz xəstəliyinin diaqnozu, profilaktika və mübarizə tədbirləri;
6. Qoyunların yoluxucu mastiti, müalicəsi, profilaktika və mübarizə tədbirləri;
7. Qoyunların kontagioz ektiması, epizotologiyası və müalicəsi;
8. Qoyunlarda çiçəyin törədicisi, patogenezi, kliniki əlamətləri və müalicəsi.