Qoyunlar, əsasən, yay dövründə dağlara qalxır və sürü şəklində açıq şəraitdə otlaqlarda otarılır. Qışda isə tövlədə qapalı şəraitdə saxlanılır.
2.1 Örüşdə saxlama
Qoyunlar gövşəyən heyvanlardır. Yemi daha yaxşı çəmənlikdən və örüş sahəsindən əldə edirlər. Yaz, yay və payız mövsümlərində qoyunların örüşdə saxlanması təbii formada aparılır. Qoyunların məhsuldarlıq səviyyəsi də örüş sahəsinin bitki örtüyünün zənginliyindən asılı olaraq dəyişir. Bitki örtüyünün zənginliyi, yaxud çatışmazlığı mövcud iqlim şəraitindən və ərazidən, örüşün idarə edilməsindən və otarılmadan asılıdır.
Qoyunlar örüş heyvanlarıdır, yəni onlar açıq sahədə otlamağı sevən heyvanlardır. Otlaq sahəsi qoyunların sayına uyğun, nəzərdə tutulmuş böyüklükdə olmalıdır. Belə olan halda bütün heyvanlara çatacaq səviyyədə yem mövcud olur, heyvanlar lazımi səviyyədə lazım olan yemi qəbul edir və istədikləri kimi sərbəst hərəkət edə bilirlər. Qoyunlarda dırnaq uzanması və dırnaqda digər problemlərin olmaması üçün onlar müntəzəm olaraq hərəkətdə olmalıdırlar. Qoyunlar örüşdə otlayarkən və tövlələrdə heç bir halda sabit bir yerə bağlanmamalıdır.
Yaxşı olar ki, qoyunların otarılma sahəsi hasarlansın. Bunun köməyilə sürünü vəhşi heyvanlardan mühafizə etmək olar və həmçinin qoyunlar da həmin sahəni tərk etməzlər. Bunun üçün adi simdən olan tikansız hasarların çəkilməsi daha məqsədəuyğun hesab edilir. Tikanlı hasarların istifadə edilməsi çox təhlükəlidir, çünki heyvan zədələnə bilər.
Qurda yoluxmanın qarşısını almaq üçün daha yaxşı olar ki, örüş sahəsində növbəli otarma sistemi tətbiq edilsin və qoyunlar dəyişik olaraq hər 4 gündən bir qrup şəklində ayrılmış örüş sahəsində otarılsın. Heyvanların parazitlərlə yoluxması müşahidə edildiyi halda dərhal parazitin növünə uyğun müalicə aparılmalıdır. Məsləhət və müalicə üçün təsərrüfatlar mütləq baytar həkimlərinə müraciət etməlidirlər.
Qoyunların bütün ilboyu açıq sahədə saxlanması Azərbaycanda iqlim şəraitinə görə və səmərəlilik baxımından mümkün deyil.