Bununla otlaqda bir-birinin ardınca çoxlu qrupları otarmaq olar. Bu saxlama formasında heyvanların parazitlərə yoluxma səviyyəsi çox aşağı olur. Digər otarma forması sabit otlaqda otarmadır. Burada qoyunlar davamlı olaraq eyni otlaqda otlayırlar. Belə otarmada otlaq sahəsi qrup şəklindəkinə nisbətən daha böyük olmalıdır. Belə olduqda heyvanların lazımi qədər yem qəbuletmə imkanları təmin edilməklə otlağın bitki örtüyünün cücərməsi də yenidən bərpa olunma imkanı qazanır.
2.1.6 Yaylaqda saxlama
Yaylaqda saxlama forması xüsusilə dağlıq regionlarda yay aylarında həyata keçirilir. Qoyunların otlaması üçün dağlıq ərazilərdə sahələrin böyük olması səbəbilə burada qoyunların parazitlərə yoluxması təhlükəsi çox azdır. Dağlıq ərazilərdə qoyunlar çoxlu məsafə qət edirlər və yalnız bir neçə gündən sonra əvvəlki otladıqları yerlərə çatırlar ki, bununla qoyunlar eyni yerdə tez-tez otlamırlar. Bu da onların parazitlərə yoluxması təhlükəsini azaldır. Qoyunların duza olan tələbatına davamlı olaraq nəzarət olunması mühüm amildir.
2.1.7 Sığınacaqda saxlanma forması
Bu saxlanma formasında qoyunlar üçün yaylaqda sabit bir yerdə sığınacaq olmalıdır. Burada heyvanlar yağışdan, yaxud güclü günəş şüasından müdafiə olunurlar. Bu sığınacaq qurularkən nəzərə alınmalıdır ki, hər bir heyvanın növünə görə həm dayanmaq, həm də yatmaq üçün kifayət qədər yer olsun. Ərazidə ağaclar varsa, bunlar təbii kölgə kimi istifadə edilə bilər.
2.2 Tövlədə saxlanma forması
Azərbaycanın bütün regionlarının iqlim şəraiti qoyunların qış aylarında tövlədə saxlanmasını tələb edir.
Tövlədə saxlanma zamanı qoyunlara quru və hava cərəyanı hərəkət etməyən tövlə şəraiti lazımdır.
Yaxşı havalanma ilə yanaşı, kifayət qədər işıqlanmanın təmin edilməsi qoyunlar üçün mühüm əhəmiyyət kəsb edir.