Belə yemləmə zamanı heyvanların tövlədən çıxarılması lazım gəlmir. Bu yem axurunun müsbət cəhəti odur ki, bir yem axurunda, kiçik yerdə çoxlu heyvan eyni zamanda yem qəbul edir və boğaz qoyunların sıxılması təhlükəsi azalır. Dairəvi yem axurları quru otun və silosun verilməsi üçün uyğundur.
4.2.3 Yem bandı
Yem bandı bütün yem vasitələrinin verilməsi üçün uyğundur. Bandın geri qayıdışı zamanı özü-özünü təmizləmə baş verir. Onların tətbiqi ilə yemləmədə işə qənaət etmək mümkündür. Həmçinin bu yem axurunu dolduran zaman heyvanlar tövlədə qala bilir. Bu formalı yem axurlarının istifadəsində bandın uzunluğu 40-50 m olduqda iqtisadi baxımdan 200 başlıq qoyunçuluq təsərrüfatlarında səmərəli sayılır.
4.2.4 Yem barmaqlıqları sistemləri
Bağlana bilən, yaxud açıq yem barmaqlıqları da iri qoyunçuluq təsərrüfatlarında istifadə edilir. Yemin paylanması yem qarışdıran texnika ilə həyata keçirilir. Bu sistem ən müasir yemləmə sistemidir və köhnə strukturlu tövlələrdə tətbiqi çətinlik törədir. Lakin yeni, müasir tövlələrdə yem qarışdırıcı texnikanın tətbiqi ilə yemin bərabər paylanması asanlaşır, əmək sərfi və vaxta qənaət etmək mümkün olur. Bu tipli yemləmə sistemlərində xərclər yüksəkdir. Yem rasionu ümumi olaraq heyvanların fizioloji vəziyyətlərinə və yanı balalı ana qoyunların sayına uyğun təyin edilməli və bərabər paylanmalıdır.
4.2.5 Quzuların yemlənməsinin təchizatı
Quzulara gündəlik təmiz yem verilməsi tələb olunur və yem qəbulu zamanı heyvanlar sərbəstlik əldə etməlidir. 3 aya qədər quzular üçün fərdi yem yerinin olması tövsiyə edilir. Quzuların yemləmə yerinin bölüşdürülməsi sadə sədlərlə aparılır və giriş-çıxış yerləri 20-25 sm olmalıdır. Quzular bu bölüşdürmə ilə əlavə olaraq qüvvəli yemə və quru ota tələbatını ödəyə bilir və başqa hevanlardan ayrılmış şəkildə sərbəst yem qəbul edirlər. Quzuların arasındakı sədlərin hündürlüyə görə nizamlana bilən olması tövsiyə olunur.
4.2.6 Su qabları
Qoyunlar çirkli sulara qarşı çox həssas heyvanlardır. Həm tövlədə, həm də yaylaqda çirkli suyu həvəslə içmirlər. Ona görə qoyunların suya tələbatını ödəyərkən suyun təmiz və təzə olması nəzərə alınmalıdır. Heyvanların suya olan tələbatı su maşını, su saxlayan iri çənlər, yaxud da mərkəzi su təchizatına bağlanan su xətlərinin vasitəsilə ödənilir. Su borularının çəkilişi ilə suyun verilməsi su qabları ilə aparılır.