Təlim nəticəsi 5. Yemləmənin əhəmiyyəti
Qoyunları tövlə və otlaq şəraiti dövründə fasiləsiz olaraq yemlə təmin etmək üçün möhkəm yem bazası yaradılmalıdır. Yemin tərkibi, qidalılığı və keyfiyyəti, həmçinin düzgün yemləmə heyvanların sağlamlığının qorunmasında ən mühüm şərtlərdən biridir. Düzgün və tam yemləməmək, habelə keyfiyyətsiz yemlər orqanizmin infeksion və invazion xəstəliklərə qarşı davamlılığını aşağı salır, bir çox yoluxmayan xəstəliklərin baş verməsinə bilavasitə səbəb olur. Yemləmənin rejimi düzgün olmadıqda həzm aparatının sekretor və motor funksiyası pozulur, mədə-bağırsaq, böyrək, öd kisəsi, qaraciyər və s. xəstəliklər əmələ gəlir. Tam yemləmə o deməkdir ki, yem payı heyvanın enerjiyə, müxtəlif qida maddələrinə – zülallara, sulu karbonlara, yağlara, mineral maddələrə, mikroelementlərə və vitaminlərə olan tələbatını tamamilə ödəmiş olsun. Heyvan orqanizmi üçün həm az, həm də çox yemləmə ziyandır. Az yemləmə heyvanların həzm orqanlarının funksiyasına, cavanların boyuna, məhsuldarlığına pis təsir edir.
Həddən artıq çox yemləmə isə heyvanlarda maddələr mübadiləsi pozğunluqları əmələ gətirir, cinsiyyət orqanlarını, iş qabiliyyətini zəiflədir, məhsuldarlığı aşağı salır və s. Tam yemləmədə yem vasitələrinin xüsusiyyəti nəzərdə tutulmalıdır. Heyvanlar üçün ən yaxşı keyfiyyətli yem yaşıl və yeni biçilmiş yem kütləsi sayılır. Yaşıl yemlər raxit, osteomalyasiya, avitaminoz, asetonomiya, miohemo-qlobinuriya və s. xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Qış dövründə heyvanların tam yemlənməsi, düzgün və vaxtında hazırlanmış yemlərlə təmin edilməsi, yemlərin düzgün saxlanması və istifadə edilməsi üzərində möhkəm nəzarət olmalıdır. Uzun müddət birtərəfli yemləmə heyvanlarda maddələr mübadiləsi pozğunluqlarına səbəb olur.
Yem payında zülallar çatışmadıqda orqanizm öz toxumalarında olan zülalları sərf etməyə başlayır, bunun nəticəsində də maddələr mübadiləsi pozulur.