Yemdə mineral maddələr çatışmadıqda cavan heyvanlar boydan və inkişafdan qalır, infeksion xəstəliklərə qarşı davamlılığı azalır, onlarda raxit xəstəliyi əmələ gəlir. Yaşlı heyvanlarda diri çəki və süd məhsulu azalır, balasalma və yaşamağa qadir olmayan balavermə, qısırlıq baş verir, çoxalma qabiliyyəti aşağı düşür, habelə sümük xəstəlikləri inkişaf edir.
Orqanizmin həyat fəaliyyəti üçün kalsium, fosfor, natrium, kalium, mikroelementlərdən kobalt, manqan, maqnezium, yod, selen və s. vacib sayılır. Kalsium və fosforun çatışmazlığı nəticəsində heyvanlarda raxit, yaşlı heyvanlarda osteomalyasiya və osteoporoz adlanan xəstəliklər əmələ gəlir.
Orqanizmdə NaCl çatışmadıqda maddələr mübadiləsi pozulur, duz aclığı əmələ gəlir. Bu zaman arıqlama, boy inkişafından qalma, məhsuldarlığın aşağı düşməsi müşahidə edilir. Heyvanların yemlənməsində dəmirin də böyük əhəmiyyəti var. Dəmir çatışmadıqda anemiya (qan azlığı) inkişaf edir.
Kənd təsərrüfatı heyvanları üçün əsas A, D, E, C, PP və B qrupu vitaminləri öyrənilmişdir. Vitaminlərin çatışmazlığı orqanizmin ümumi müqavimətinin zəifləməsinə, xəstəliklərə qarşı həssaslığın artmasına, sinir sisteminin zədələnməsinə, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Avitaminoz nəticəsində cavan heyvanlar inkişafdan qalır, qısırlıq artır, balasalma kimi hallar baş verir. Avitaminoz və hipovitaminoz ən çox qışın ikinci yarısında və erkən yaz dövründə təsadüf olunur. Avitaminozun inkişafına heyvanların pis şəraitdə saxlanılması, birtərəfli yemləmə və s. köməklik edir.
Yemlər bəzən torpaq, qum, dəmir, şüşə qırıntıları və s. qatışıqlarla çirklənmiş olur ki, bunlar da yemləri yararsız vəziyyətə salır. Belə mexaniki qatışıqlar mədə-bağırsaq sistemini zədələyir və müxtəlif xəstəliklərə səbəb olur. Torpaq və qum qaramalda mədə-bağırsaq önlüklərinin atoniyasına, bir sıra patoloji proseslərə səbəb olur. Xəstə heyvanın iştahası olmur, köpür və südü azalır, bəzən ölümə səbəb olur.
Yemlərin yığımı, daşınması və saxlanılması zamanı onları kənar qatışıqlardan qorumaq üçün tədbirlər görülməli, üzərində düzgün nəzarət qoyulmalıdır.
5.1 Qoyunların yemlənməsi
Qoyunlar ənənəvi olaraq yunu, dərisi, südü və ətindən istifadə olunan səmərə
istiqamətləri çox müxtəlif olan heyvanlardır. Antarktida xaricində dünyanın hər
yerində yayılan bu heyvanlar çayır, kök, yumru, kol, tikanlı bitkilər və bitki həyatının
primitiv formalarına çatana qədər hər cür orqanik maddəni istehlak edə bilirlər.
Hərəkətli dodaqları, sivri çənələri, uzun və güclü dilləri sayəsində əvəzedilməz
heyvanlardır. Kəskin və möhkəm dişləri sayəsində bitkilərin sərt gövdə və köklərini
belə gövşəyir. Bu anatomik xüsusiyyətləri sayəsində qoyunlar inəklərə nisbətən daha
yaxşı qidalana bilirlər.
Qoyunların qəbul etdikləri əsas qida maddələri içərisində su, enerji, zülal, minerallar, vitaminlər, böyümə tənzimləyiciləri və yem qatqı maddələri yer alır.
Bütün heyvanlar üçün ən əhəmiyyətli qida maddəsi sudur. Su qida maddələri arasında məhsuldarlıq və həyat fəaliyyətini davam etdirmək üçün ən tez və birbaşa təsir edən maddədir.