5.1.4 Senaj
Qoyunçuluq təsərrüfatlarında senaj verilməsi elə də çox rast gəlinən hal deyil. Keyfiyyətli və 1,5-2 sm böyüklükdə xırdalanmış qarğıdalı, taxıl və ya çayır otu senaj kimi qoyunlara verilə bilər. Senaj üçün xammalın yığılması, saxlanılması və yedirilməsi məsələlərinə lazımlı diqqət göstərilməlidir. Üzəri yaxşıca bağlanmamış, kifayət qədər preslənməmiş senajda kif və ya bakteriyaların meydana gəlməsi ölümə səbəb ola bilər.
Tərkibində yüksək rütubətin olması səbəbiylə senaj samana görə daha aşağı miqdarda (50%) quru maddə tərkibinə malikdir. Doğuma yaxın çox senajın verilməsi heyvanların lazımi qədər yem qəbul etməsinə mane olur ki, bu da heyvanın zəifləməsi deməkdir. Bu vəziyyətdə heyvanların artan qida maddəsi ehtiyaclarını ödəyəcək şəkildə yem rasionu tərtib edilməlidir.
5.1.5 Dənli yemlər
Əlavə enerji və ya zülala ehtiyac olduğu zaman qarğıdalı, arpa, buğda kimi enerji baxımından zəngin dənli bitkilər və ya noxud, lobya, mərcimək kimi zülalla zəngin dənli paxlalı yemlərdən və ya onların qalıqlarından istifadə edilə bilər. Yemləri seçərkən istifadəsini, qida maddə tərkibini və qiymətini nəzərə almaq lazımdır.
5.1.6 Alternativ yemlər
Qida sənayesinin əlavə məhsullarından şəkər çuğunduru, meyvə lifli qidalar, çiyid, üzüm cecəsi və ya yağ sənayesinin əlavə məhsulları qoyunlar üçün qida maddəsi olaraq istifadə edilir. Hər hansı bir qida maddəsi bu maddələrlə veriləcəksə, quru maddə və qidalılıq dəyəri hesablanaraq heyvanlara verilməlidir.
5.1.7 Melas
Şəkər çuğundurundan şəkər istehsalı əsnasında əlavə məhsul olaraq əldə edilən melas heyvanlar tərəfindən iştahla qəbul edilən, iqtisadi cəhətdən səmərəli, yüksək məhsuldar yem hesab edilir. Konsentrat yemlərə qatılaraq və ya sidik cövhəri ilə qarışdırılaraq qoyun və inəklərə verilir. Quru maddə istifadəsinin gündəlik 10-15 % dən artıq verilməsi məsləhət deyil.
5.1.8 Qoyunların yemlənməsi zamanı xəstəliklər
Bəslənmə ilə bağlı xəstəliklər qida maddələrinin çatışmazlığı, çoxluğu və ya yemlərdə balanssız nisbətlərdə olması nəticəsində ortaya çıxa bilər. Bu da məhsuldarlığın aşağı düşməsinə və heyvan tələfatına yol aça bilər.
Enterotoksemiya
Bu xəstəlik bağırsaqdakı bakteriyaların toksin ifraz etməsi nəticəsində ortaya çıxır. Heyvanların kifli və xarab yemləri və ya bir dəfədə çox miqdarda yüksək enerjili yemləri qəbul etmələri nəticəsində bağırsaqda olan "Clostridium perfringens" adlı bakteriyanın ifraz etdiyi toksin sürətlə qana qarışaraq kəskin ölümlər meydana gətirir. Xəstəlik ortaya çıxdıqdan sonra müalicə edilməsi mümkündür. Peyvənd etmə proqramına riayət edilərsə, müalicə mümkündür. 3-4 həftə ara verməklə aparılan 2 dəfə peyvənd etmə lazımlı immuniteti yarada bilir.