Sağarkən əlin təmiz olmaması, əldəki qoxu, sağıcının paltarının qoxusu, süd qabının ağzının açıq qalması və südün səhv yerdə saxlanması südün keyfiyyətinə mənfi təsiri edir. Bu, südün qoxusunun və tamının dəyişməsinə səbəb olur ki, bu da keyfiyyətə mənfi təsir edir. Süd kənar maddələrin dadını hələ yelində olarkən götürür. Qoxular nəfəsalma və yaxud qanda maddələrin dəyişikliyi ilə süddə əmələ gəlir. Hətta heyvanın qəbul etdiyi sərt qoxulu yemlərin iyi də südün dadının dəyişməsinə səbəb ola bilər. Ona görə də heyvanın yerləşdiyi yer, yerin təmizliyi və yemləməsində bunları nəzərə almaq lazımdır. Tövlə çox dar və pis iyli olmamalıdır. Əks halda süddə pis dad əmələ gəlir ki, bu da istehlakçının narazılığına səbəb olur. Qoçlar tövlədə südlük qoyunlardan ayrı saxlanmalıdır, heç bir halda sağım yerinin yaxınlığında saxlanmamalıdır.
Həmçinin yemin də südün dadına əhəmiyyətli təsiri var. Xüsusilə qışda quru otla yemləmə ilə süddə şirintəhər dad yaranır. Yemin verilməsi səbəbilə, məsələn, çayır, yaşıl ot və yonca kimi bitkilərlə qidalanan zaman qoyunun südünün dadında fərqlilik yaranır. Eyni zamanda senaj və yemdə qüvvəli yem əlavəsi südün dadına və iyinə daha güclü təsir edir. Həmçinin südün xoş dadı vaxt keçdikcə itir. Xüsusilə heyvanlar sağımdan qabaq yemlənərsə, bu özünü daha güclü büruzə verir.
7.2 Qoyun südü
Qoyun südü və həmin süddən əldə olunan məhsullar çox yüksək dəyərli qida maddəsidir. Qoyun südü hər şeydən öncə zəngin tərkibinə görə başqa heyvan növlərinin südündən əhəmiyyətli dərəcədə fərqlənir. Misal üçün, qoyun südünün yağlılığı 6-10 % təşkil edir, bu da inək südünün yağlılığı ilə müqayisədə çox yüksəkdir (cədvəl 12). Bundan əlavə, qoyun südü zəngin vitamin, mineral maddələr və amin turşusu tərkibinə malikdir. Kiçik formalı yağ kürəcikləri qoyun südünü xüsusilə dadlı və şəfalı edir. Qoyun südü allergiyalı adamlar üçün də asan qəbul olunur. Elmi tədqiqatlara görə sübut edilmişdir ki, qoyun südünün və qoyun südü məhsullarının qəbulu dəri allergiyası xəstəliyinə müsbət təsir edir. Qoyun südünün və süddən əldə olunmuş məhsulların normada əlavəsi ilə dərinin vəziyyətinin yaxşılaşmasına və əvvəlki normal vəziyyətinə qayıtmasına nail olmaq mümkündür.
Cədvəl 12
Müxtəlif heyvan cinslərinin süd tərkibi
Adı | Qoyun | Keçi | İnək |
Yağlılıq % | 5,6-7,8 | 2,8-3,9 | 3,4-4,2 |
Protein % | 4,8-6,0 | 2,7-3,4 | 3,3-3,4 |
Kazein proteindən %-lə | 4,2 | 2,3-2,5 | 2,6-2,7 |
Laktoza | 4,0-5,0 | 4,4-4,7 | 4,6-4,8 |
Vitamin C mq/kq | 30-60 | 10-30 | 10-24 |
Ca mq/kq | 1.620-2.590 | 1.020-2.030 | 1.100 |
Mənbə: www.alpinetgheep.com/broschueren-und-infomaterial.html