Təlim nəticəsi 8. Qoyunların sağlam saxlanması üçün gigiyena tədbirləri
Ərazinin təbii iqlim və iqtisadi şəraitindən asılı olaraq qoyunçuluqda 4 saxlama sistemi istifadə olunur: bütün ilboyu tövlədə saxlanma, otlaq-tövlə, tövlə-otlaq və otlaq şəraitində.
Qoyunların tövlə, tövlə-otlaq, otlaq-tövlə və otlaq şəraitində saxlanılma gigiyenası
Tövlə şəraiti – qoyun fermaları təbii otlaqlara yaxın təşkil edilir. Qoyunların saxlanılması üçün binalar əsas istehsalat və köməkçi (yardımçı) binalar olur. Binaların tipləri qoyunçuluğun texnologiyasından (süni mayalanma, adi doğum, sıx doğum, quzuların süddən ayrılma müddəti tez və gec, bəsləmə, kökəldilmə, yemləmə texnikası və s.) aiddir.
Tövlə-otlaq şəraitində – qoyunlar, əsasən, qar örtüyü zəif olan rayonlarda saxlanılır. Bu rayonlarda qış sərt keçdiyi və otlaqlar qalın qarla örtüldüyü müddətdə qoyunlar tövlə şəraitində saxlanılır. Mülayim havalarda hər cür yemlə açıq şəraitdə, sərt havalarda isə binalarda yemlənir.
Otlaq şəraiti sistemi – isti və otlaq sahələri çox olan rayonlarda tətbiq edilir. Qoyunların otarılmasında dağ, düzənlik və yarımdüzənlik otlaqlardan yaxşı istifadə edilməlidir. Qoyunlar üçün yayda alçaq, qışda isə hündürboylu bitkilər olan otlaqlar ayrılmalıdır.
8.1 Qoyunların qırxım gigiyenası
Otlaq şəraitinə keçirilməzdən əvvəl yazda qoyunlar qırxılmalıdır. Qırxım əl (qayçı) ilə və elektro-mexaniki (maşın) üsullarla aparıla bilər. Maşın qırxımının üstünlüyü çoxdur. Elektrik maşını ilə bir qoyunun qırxılmasına 2-3 dəqiqə sərf olunur. 1 nəfər 7 saata 100 baş qoyun qırxa bilər. İri qoyunçuluq fermalarında VİS-24, komplekt KTO- 24, KTO-48 markalı elektrik maşınları işlədilir. Bunlardan başqa, ƏSA-36, ƏSA-60 markalı qırxım maşınları da istifadə edilir. Ən sadə qırxım maşını ESD-1D markalı maşındır. Qırxım kürüsü üstündə aparılır. Kürüsünün uzunluğu 1,0 m, eni 1,20- 1,40 m, hündürlüyü 0,4-0,6 m-dir. Qırxılacaq qoyun sürüsünə axşamdan su və yem verilməməlidir, yunu tamam quru olan qoyunlar qırxılmalıdır. Qırxımda baytarlıq nəzarəti və yardım göstərmək üçün müvafiq dərmanlar olmalıdır, qoyunlar qırxımdan sonra yoxlanır, onların bədənində olan kəsiklər dezinfeksiya edilir.
Ümumiyyətlə, cinsindən asılı olmayaraq, qoyunların yazda qırxılması onların isti havada əziyyət çəkməməsinə və yemi yaxşı qəbul etməsinə şərait yaradır ki, bu da yüksək məhsulun əldə olunması üçün vacib şərtdir. Bəzən qoyunları yunun sıxlığından asılı olaraq payızda qırxırlar. Lakin yazda qırxımın aparılması mövsüm baxımından daha məqsədəuyğundur. Qrup şəklində saxlanma zamanı qoyunların balavermədən sonra qırxımı daha yaxşı nəticələr verir.
Ayağın aşağı hissəsində və qarındakı kirli yunu digər yunlardan ayırmaq lazımdır.