Təlim nəticəsi 1. Çəmən və otlaqların maldarlıq üçün iqtisadi əhəmiyyəti
1. Çəmən və otlaqların maldarlıq üçün əhəmiyyəti
Çəmən və otlaqlar kənd təsərrüfatı məhsullarının əldə edilməsi və insanların qida maddələrinə tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir. Hər şeydən öncə zəngin bitki örtüyü ilə cəmən və otlaqlar isti aylarda heyvanların qidalanması, soyuq aylarda heyvanların qidalanması üçün yem ehtiyatının toplanması mənbəyidir və əksər regionlarda təbii mənzərəsinə görə turistik əhəmiyyət daşıyır. Bu sahələr çoxlu heyvan və bitki növlərinin yaşaması üçün yerdir və biomüxtəliflik üçün mühüm töhfədir. Azərbaycanda heyvandarlıq geniş yayılmışdır və bu baxımdan çəmənlik və otlaqlar iribuynuzlu və xırdabuynuzlu heyvandarlıqda böyük və kiçik təsərrüfatlar üçün əvəzedilməzdir. Ona görə ilboyu həmin sahələrin mühafizəsi və düzgün istifadə edilməsi ilə eroziyanın qarşısını alaraq məhsuldar otlaqları daha uzun müddət qoruyub saxlamaq olar. Yaylaqlar gövşəyənlərin qaba yemə olan tələbatının əsasını təşkil edir. Zəngin bitki örtüyünə malik otlaqların olması təsərrüfatda xərclərə qənaət edilməsində və istehsalın səmərəliliyinə zəmanətin verilməsi baxımından əvəzedilməzdir. İstər maldarlıq, istərsə də qoyunçuluq təsərrüfatlarının istehsalının səmərəliliyi və davamlılığı başlıca olaraq, otlağın düzgün idarə edilməsindən asılı olaraq dəyişir. İnvestisiyanın qısa müddətli olmasının əsas səbəbi həmin təsərrüfatın otlaq sahəsinin olmamasıdır. Odur ki, örüşlər yoxdursa, bu zaman yüksək keyfiyyətdə və həcmdə süd məhsulundan, qoyunçuluq, ətlik və südlük maldarlıqdan, yaxud atçılıqdan söhbət etmək çətindir. Çünki otlaq və yaylaqlar kənd təsərrüfatında mühüm iqtisadi amildir.
Xüsusilə qoyunçuluq təsərrüfatlarının yaylaqlara daha böyük tələbatı vardır. Qoyunçuluq təsərrüfatlarında heyvanların otarılması isti aylarda yaylaqlarda, soyuq aylarda isə qışlaqlarda aparılır. Bu baxımdan da örüş sahələrinin rolu təsərrüfatlar üçün xüsusilə böyükdür. Ona görə də otlaq sahələrinə müntəzəm olaraq qulluq göstərilməlidir, heyvanların örüşlərdə düzgün otarılması ilə örüşün bitki örtüyünü mühafizə etmək mümkündür. İri və xırda buynuzlu heyvanlar ot bitkilərinin kollanmasında və gübrələnməsində olduqca əhəmiyyətli rola malikdirlər. Kənd yerlərində, kiçik ailə təsərrüfatlarında mal və qoyunların saxlanmasında örüş sahələri xüsusi əhəmiyyətə malikdir. Son zamanlar ölkədə açıq şəkildə saxlanan qaramalın sayında geriləmə müşahidə olunur, lakin bunun əksinə olaraq qoyunların sayında artım var. Yaylaqların bitki örtüyünün məhsuldar olması heyvanın həyat fəaliyyətinin saxlamasında mühüm rol oynayır, bu da yem xərclərinə qənaət etməklə yüksək məhsulun əldə edilməsinə və təsərrüfatın gəlirinin artmasına əlverişli imkan yaradır. Sıra dağların hündür təpələrinin və yamaclarının bitki örtüyü və torpağının münbitliyi üçün qoyun və keçilər xüsusi rol oynayır. Yamaclar qoyun və keçilərin dırnaqları ilə möhkəmlənir və bununla yaşıl çəmənliyin növbəti inkişafı üçün şərait yaranır ki, bu da torpağın eroziyasının qarşısını alır, digər tərəfdən də heyvanın davamlı yem qəbul etməsinə imkan verir.