Burunluq taxılan heyvan digər heyvanı əmmək istəyəndə burunluqdakı mismarlar digər heyvana batır və əmməsinə mane olur. Burunluq heyvanların öz-özünü əmməsinə də imkan vermir.
1.4.3. Erkək heyvanların dişilərdən ayrılması səbəbləri
Erkək heyvanlar sürüylə birlikdə getdiyi zaman dişiləri mayalandıra bilər. Bu vəziyyət, xüsusilə dölü planlaşdıran təsərrüfatlar üçün problem yaradır. Eyni zamanda dişi heyvanların hansı erkək heyvanlardan boğaz qaldığını bilmək çətinlik törədir. Bu da dişi və erkək heyvanların vaxtından əvvəl damazlıqda istifadə edilməsinə, böyümə və inkişafının geriləməsinə səbəb ola bilər. Bu cür neqativ halların baş verməməsi üçün otlağa aparılmazdan əvvəl erkəklərlə dişi heyvanların ayrılıb, ayrı-ayrı otlaqlarda otarılması daha məqsədəuyğundur.