2.2. Optimal bir yaylağın xüsusiyyətləri
Optimal yaylaq heyvanların faydalandığı və yüksək keyfiyyətli, bol məhsulun əldə edildiyi iri həcmli heyvan otlağı deməkdir.
Heyvanlar yaylaqlarda otladıldığı zaman rast gəlinən problemlərdən biri heyvanlarda dırnaq və ayaq xəstəlikləridir. Yaylağa çıxmazdan əvvəl təsərrüfatın sahibi bütün sürünü nəzərdən keçirərək onları yaylağa getməyə hazırlayarsa, bu cür çatışmazlıqlarla qarşılaşmaz. Ona görə də yaylağa getməzdən azı bir ay əvvəldən heyvanların dırnaqlarına diqqət yetirmək lazımdır və əgər dırnağı uzundursa, dırnaqlar qısaldılmalı və yaxud ayaq xəstəliyi varsa, vaxtında müalicə edilməlidir ki, yaylaqda həmin heyvanlarda yeriməklə bağlı problemlər yaranmasın. Həmçinin bu cür çatışmazlıqlar yaylaqda daha çox əmək sərfinə səbəb ola bilər.
Bundan başqa, yaylaqlarda olan bitki örtüyündə heyvanların sağlamlığına mənfi təsir edəcək bitkilərin bitməməsi lazımdır. Kiçik ağac və kol qrupundakı bəzi bitkilər heyvanlar üçün təhlükə yarada və onların zədələnməsinə səbəb ola bilər.
Optimal yaylaq – heyvanların yay boyunca bol və müxtəlif bitkilərdən faydalanmasını təmin edən və payızda sağlam şəkildə tövləyə dönməsini təmin edən yerdir.
2.3. Yaylaqda olan zərərli otlara qarşı lazım olan tədbirlər
Yabanı və zərərli bitkilər dedikdə – faydalı bitkilərdən başqa, digər otlar, kol, yarım kol və ağaclar nəzərdə tutulur. Bu tip bitkilər yaylaq vegetasiyasının sağlamlığını və mövcudluğunu risk altına salır. Heyvanların sağlamlıqlarına, sağlam şəkildə bəslənmələrinə və məhsuldarlıq səviyyəsinə, həmçinin heyvanlardan əldə edilən məhsulun keyfiyyətinə mənfi istiqamətdə təsir edir. Bundan əlavə, zərərli bitkilərlə mübarizədə əmək itkisi və iqtisadi zərərlər meydana gəlir ki, bu da əlavə vaxtın sərf edilməsinə və həmçinin əlavə xərclərin yaranmasına səbəb olur.