Hər bir bitkinin vegetasiya zamanı həssas olduğu bir dövr var. Bu da bitkilərin ehtiyat qida maddələrini istifadə etdikləri, yəni kollanma və çiçəklənmə dövrüdür. Zərərli bitkilərlə mübarizədə müvəffəqiyyətli olmaq üçün bu bitkilərin ən həssas olduqları dövrü bilmək və ona görə hərəkət etmək lazımdır.
Zərərli bitkilərə qarşı mexaniki olaraq mübarizə aparılır. Bitki kökündən çıxarılır və ya biçilir. Bəzi hallarda da yandırılır.
2.4. Yaylaqda bəslənmə dövründə tədbirlər
Baharda yaylağa çıxarıldığında heyvanlar üçün sığınacaq yerləri, kölgələr, su təchizatı və sağım yerlərinin olması lazımdır.
2.4.1. Yerləşmə yerləri
Yerləşmə yerləri yaylaqda insanların çadırlarını qurduqları yerlərdir. Çadırlar heyvan sığınacaqlarına yaxın ərazilərdə yerləşdirilməlidir. Sığınacaqlar qurularkən ərazidə hakim küləklərin istiqaməti müəyyən edilməli və sığınacaqlar küləyin əksi istiqamətində yerləşdirilməldir.
Çadırlar qurularkən nəzərə alınmalıdır ki, sel suyunun istiqamətində olmasın. Dərə yatağına və ya təpələrin ətəyində çadırların qurulması məqsədəuyğun deyil. Çadırlarda insanların gündəlik istifadəsi üçün hər cür vəsait olmalıdır: qazan, tava, çörək taxtası, stəkan, çaydan, yeməklərin saxlanılacağı sandıqlar, müxtəlif vasitələrdən düzəldilmiş qablar və s..
Çadırlar kifayət qədər böyük, istilik və su keçirməyən xüsusiyyətlərə malik olmalıdır. Qısaca, yaylaqda olan insanların bütün ehtiyaclarını qarşılamalıdır. O cümlədən imkan daxilində müvəqqəti duş və ayaqyolu da qurulmalıdır. Xüsusilə tualetlər çadırdan uzaq bir yerdə qurulmalıdır.
2.4.2. Su təchizatı
Heyvan bəslənməsində yem qədər əhəmiyyətli olan bir vasitə də sudur. Yaylaqlarda heyvanların su ehtiyacları da mütləq nəzərə alınmalıdır.