Yaylaqlarda heyvanların su ehtiyacları hovuzdan, su qaynaqlarından və ya axar sulardan təmin edilir. Su qaynaqlarının uzaq olması səbəbi ilə heyvanlar bəzən suya gedib gələnə qədər çətinlik çəkirlər. Belə vəziyyətlərdə heyvanların su ehtiyacları daşıma su ilə təmin olunur.
Qoyunlara gündə 2 dəfə su verilməlidir. Heyvanların davamlı olaraq təmiz suya olan tələbatı ödənilməlidir. Əgər su qablarında veriləcəksə, onların təmiz və yosunsuz olmasına diqqət yetirilməlidir. Heyvanların durğun və bulanıq sularda sulanması doğru deyil. Çünki belə suların tərkibində parazitlərin olma ehtimalı daha çoxdur.
2.4.3. Kölgəliklər
Yayın çox isti günlərində qoyunlar istidən çətinlik çəkirlər. Qoyunlar isti havalarda yayılmırlar, yaylaq və çəmənliklərdə otlamırlar. Heyvanların sığınacaqları, yəni saxlandıqları yer uzaq olduqda yaylaqlara, otlaqlara kölgəliklər qurulur.
Kölgəliklər heyvanları yalnız yaz və yay aylarının istisindən deyil, eyni zamanda yaz və payız yağışlarından da qoruyur. Kölgəliklər yüksək yerlərdə qurulmalı və hər tərəfi açıq olmalıdır. Heyvanların kölgəliklərdən istifadə saatları bölgədən-bölgəyə dəyişir. Amma, ümumiyyətlə, saat 10:00-16:00 arasında heyvanlar kölgəliklərdə istirahət etdirilirlər.
2.4.4. Duz yalama daşları
Heyvanların gündüz dincəldikləri kölgəliklərdə və gecə sığınacaq yerlərində qaya duzları və ya yalama daşları qoyulmalıdır. Yaylaqlarda heyvan baxıcıları duzqabı olaraq böyük daşların düz səthlərini istifadə edirlər. Heyvan baxıcılarının daşların üzərinə tökdükləri duzu qoyunlar və keçilər yalayaraq istifadə edirlər.
Yaylaqda otlayan heyvanlardan yüksək həcmdə heyvandarlıq məhsulları əldə etmək üçün heyvanların ehtiyacları olan duzu onlara sistemli şəkildə vermək lazımdır. Duz daşları örüşdə uyğun bir şəkildə və uyğun məsafələrdə paylanmalıdır.