4.1 Maldarlığın inkişafının turizmə təsiri
Maldarlığın inkişafının ekoturizmdə böyük əhəmiyyəti var. Həmçinin qida təhlükəsizliyinin təmini hər bir dövlətin ümdə vəzifələrindən biridir. Başqa ölkələrdən qida asılılığına düşmək çox böyük fəsadlara səbəb ola bilən məsələdir və buna qətiyyən yol verilməməlidir. Bu baxımdan ölkədə kənd təsərrüfatı malları istehsalının artırılması, xüsusən maldarlığın inkişaf etdirilməsi çox vacib məsələdir. Lakin bu məsələ kor-koranə deyil, düşünülmüş şəkildə, ətraf mühitə təsir etmədən həyata keçirilməlidir. Məlumdur ki, mal-qaranın say artımı heyvanlar üçün daha çox yem istehsalını nəzərdə tutur ki, bu zaman nitratlardan istifadə qaçılmaz olur. Həddən artıq nitratlardan istifadə nəticəsində isə torpaq və su zəhərlənməyə məruz qalır, sudan istifadə mümkünsüz olur. Milli Parklar yaradılmış ərazilərdə maldarlığın inkişafı xüsusilə nəzarətə götürülməlidir. Çünki mal-qaranın sayının həddən artıq olması həmin parklardakı bitki örtüyünə mənfi təsir edəcək. Bu isə həmin parklarda ekoturizmin təşkilini qeyri-mümkün edə bilər, əraziyə gələn turistlərin sayının azalmasına səbəb olar.
4.2. Azərbaycanda otlaqlardan istifadə
Respublikanın təbii yem bitkiləri yayılan əraziləri mövsümi istifadə edilən yay-qış otlaqlarından, biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı örüşlərdən ibarətdir. Bu kateqoriyadan olan torpaqlar öz hüquqi rejiminə görə bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və qış otlaqları dövlət mülkiyyətində saxlanılmaqla fiziki və hüquqi şəxslərə qısa və uzunmüddətli istifadəyə verilir. Biçənək və kəndətrafı örüşlər isə ümumi istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır.
Cədvəl 1.
Azərbaycanda təbii yem sahələrinin təbii-iqtisadi rayonlar üzrə paylanması (min ha)
Təbii iqtisadi rayonlar |
Qış otlaqları |
Yay otlaqları |
Kənd ətrafı örüşlər |
Biçənəklər | Zonalar üzrə cəmi |
Gəncə-Qazax | 272,9 | 86,1 | 223,2 | 30,6 | 612,8 |
Şirvan | 218,8 | 58,9 | 209,6 | 7,9 | 495,2 |
Şəki-Zaqatala | 69,0 | 104,9 | 103,2 | 4,1 | 281,2 |
Abşeron | 230,5 | 10,0 | 58,5 | 1,0 | 300,0 |
Quba-Xaçmaz | 14,3 | 76,3 | 108,1 | 29,8 | 228,5 |
Mənbə: Q.Məmmədov, M.Xəlilov – Ekologiya, ətraf mühit və insan, Bakı, 2006.