6. İqlimin təsərrüfat fəaliyyətində əhəmiyyəti
İnsanın bütün təsərrüfat fəaliyyəti müəyyən konkret iqlim şəraitində keçir. İqlim resursları əsas təbii faktorlardan sayılır. Konkret ərazidə iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilən günəş radiasiyası, temperatur, yağışlar, buxarlanma və digər iqlim elementlərinin miqdarca qiymət məcmusu iqlim resursları adlanır. Fasiləsiz bərpa olunan iqlim resurslarına işıq, günəş radiasiyası, istilik; dövrü olaraq bərpa olunan iqlim resurslarına isə rütubətlilik, külək, buludluluq və s. aiddir. Kənd təsərrüfatı istehsalı prosesində bilavasitə istifadə olunan iqlim elementləri (fotosintetik aktiv radiasiya – FAR, istilik, rütubət və b.) aqroiqlim resursları sayılır.
İqlim kənd təsərrüfatı bitkilərinin coğrafi yayılması və müvəffəqiyyətlə becərilməsini, kənd təsərrüfatı heyvanlarının saxlanmasını, onların otarılma şəraitini müəyyənləşdirir. Görkəmli rus alimi K.A.Timiryazev qeyd etmişdir ki, iqlim məlumatları, yalnız bitkinin iqlim faktorlarına olan tələbatını aşkar etdikdə kənd təsərrüfatı üçün əhəmiyyətli (faydalı) ola bilər. Bu tələbatın kəmiyyətini aşkar etmək üçün bitkinin inkişafı, böyüməsi və məhsuldarlığının formalaşmasının miqdarca ifadəsi, iqlim faktorları ilə əlaqəsi müəyyənləşdirilməlidir. Bir tərəfdən iqlim faktorları arasında, digər tərəfdən isə böyümə, inkişaf, qışadavamlılıq və məhsuldarlığın formalaşması arasında kəmiyyətcə ifadə olunan əlaqələr aqroiqlim göstəriciləri adlanır. Bu göstəricilərdən istifadə edərək, müxtəlif ərazilərin müxtəlif kənd təsərrüfatı bitkiləri becərmək və kənd təsərrüfatı heyvanları saxlamaq üçün iqlimin əlverişlilik dərəcəsini müəyyən etmək olar. İqlimin kənd təsərrüfatı baxımından qiymətləndirilməsində kənd təsərrüfatı istehsalı üçün ilin isti və soyuq dövrlərində təkrar olunan təhlükəli meteoroloji hadisələrin məlumatlarından mütləq istifadə edilməlidir. Belə hadisələrə ayazlar, quraqlıq, quru küləklər, güclü küləklər, tozlu tufanlar, torpağın eroziyası, dolu, payızlıq bitkilərin və kənd təsərrüfatı heyvanlarının əlverişsiz qışlama şəraitinin müxtəlif növləri aiddir.
Vegetasiya dövründə (və ya müxtəlif fazalar arasındakı dövr) yaşıl otun istiliyə tələbatının aqroiqlim göstəricisi kimi müsbət, aktiv və ya effektiv temperaturdan istifadə edilir. Bitkinin istiliyə olan tələbatını səciyyələndirən temperatur cəminin bütün növlərini ərazinin termik (istilik) resursları ilə asan müqayisə etmək olar. Belə müqayisə müəyyən ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin istiliyə olan tələbatını aşkar etməyə imkan verir (faizlə). 10 ilin 8 ilindən (80%) az olmayaraq istiliklə bitkinin təmin olunması səmərəli (gəlirli) sayılır. Ərazinin termik şəraitinin qiymətləndirilməsində ən isti ayın orta temperaturundan, şaxtasız dövrün uzunluğundan, gec düşən yaz və tez düşən payız ayazlarının başlanma müddətindən (vaxtından), onların təkrarlanmasından da istifadə edilir.
Ərazinin rütubətlənmə şəraitini qiymətləndirdikdə adətən çoxillik orta yağıntıların cəmi və onların aylar (və ya mövsümlər), yaxud ilin isti və soyuq dövrlərində paylanmasından istifadə olunur. Lakin orta çoxillik yağıntıların miqdarı bitkilərin rütubətlə təmin olunmasını tam səciyyələndirmir, belə ki, yağıntıların bir hissəsi səthi axıma, torpaq səthindən buxarlanmaya və torpağın dərin qatlarına hopmasına sərf olunur.