Atmosfer suyunun yalnız bir hissəsi bitkinin biokütlə yaranmasında transpirasiyaya sərf olunur. Odur ki, bitkinin rütubətlə təmin olunması üzrə daha düzgün qiymət alınmasında vasitəli (dolayı) göstəricilərdən istifadə edilir. Bura rütubətlənmənin müxtəlif göstəriciləri (əmsallar) aiddir. Atmosfer yağıntılarının cəminin buxarlanmasının miqdarı, yəni müəyyən bir bitki sahəsində torpağın səthindən buxarlanmanın potensial miqdarına nisbəti rütubətlilik əmsalı adlanır, buxarlandırıcı adlı xüsusi cihazın köməyi ilə ölçülür. Rütubətlilik əmsalı illik yağıntının cəminin illik buxarlanmaya bölünməsi ilə tapılır.
6.1 İqlimin istiləşməsinin kənd təsərrüfatına və bitki örtüyünə təsiri
İqlimin dəyişməsi aqroekosistemlərə ciddi təsir göstərir. Bu, kənd təsərrüfatının yeni şəraitə uyğunlaşdırılması üzrə təcili tədbirlərin görülməsini tələb edir.
İqlim şəraitinin otlaq sisteminə təsiri olduqca mürəkkəb və müxtəlif olur. Nisbətən soyuq və rütubətli iqlimə malik olan əkinçilik istiliklə limitlənən rayonlarda aqroiqlim şəraitinin kənd təsərrüfatı və meyvə bitkilərinin yetişdirilməsi üçün yumşalması baş verir, vegetasiya dövrünün uzanması və kifayət qədər rütubətlə təmin olunmuş şəraitdə aktiv temperatur cəminin artması ilə əlaqədar məhsuldarlıq da xeyli yüksək və sabit olur. Aqroiqlim şəraitinin belə dəyişməsi əkinçiliyin intensiv texnologiyasını şimala doğru xeyli irəli çəkməyə, kənd təsərrüfatı bitkilərinin daha istisevər və məhsuldar çeşidləri ilə əvəz edilməsinə imkan yaradır. Yuxarıda göstərilən müsbət dəyişilmələrlə yanaşı, qeyri-sabit rütubət rejimli mərkəzi və cənub rayonlarında istiləşmə nəticəsində iqlim şəraitində mənfi dəyişilmələr də baş verə bilər. Yağıntıların miqdarının azalması, yaylaqların rütubətlə az təmin olunmasına, quraqlıqların, quru küləklərin tez-tez təkrar baş verməsinə, daxili su hövzələrinin və qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olur, şirin suyun ümumi balansı pisləşir. Bütün bunlar otlaq və çəmənliklərin məhsuldarlığını aşağı salmaqla, kənd təsərrüfatı müəssisələrinin məhsuldarlığına və bununla yanaşı, iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərir. Suvarma üçün suya olan tələbat nəticəsində su resurslarının digər istehlakçıları (sənaye və kommunal təsərrüfatı) arasında güclü rəqabət yaranır ki, bu da suvarılan otlaq sahələrinin suya olan tələbatının ödənilməsində çətinlik yaradır. Yüksək temperatur torpağın üzvi maddələrinin təbii parçalanmasına səbəb olur. Bitkilərin zərərvericilərinin və xəstəliklərinin çoxalması ehtimalı artır.
Qeyd edək ki, karbon qazının ilkin fiksasiyası mexanizminin biokimyəvi müxtəlifliyinə uyğun olaraq, fotosintezin xarakterinə görə bitkilər 3 qrupa bölünür (C3, C4). Yerüstü bitkilərin 95%-i C3 qrupuna aid edilir, bura kənd təsərrüfatı bitkilərinin əksəriyyəti daxildir. CO2-nin konsentrasiyasının ətraf mühitdə ikiqat artması əksəriyyət ərzaq və lifli bitkilərin böyüməsi və məhsuldarlığına müsbət təsir göstərir. C3 qrupu bitkilərinin məhsuldarlığının yüksəlməsi 10-50%, C4 qrupu bitkilərininki (qarğıdalı, sorqo, şəkər qamışı, darı) isə 0-10% təşkil edir.