Bitki örtüyünün əsasını qarağan kolları, gəngiz, gəvrik, şahsevdi təşkil edən qış otlaqları da geniş yayılmışdır.
7.2.1 Yonca bitkisinin becərilmə texnologiyası və əhəmiyyəti
Ölkədə heyvandarlığın, quşçuluğun və arıçılığın inkişaf etdirilməsi, mal-qara və quş məhsullarının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında əsas məsələlərdən biri qiymətli yem bazasının yaradılması ilə yanaşı, heyvanların və quşların dəyərli yem payları ilə təmin edilməsidir. Mal-qaranın qiymətli yem bitkiləri ilə qidalandırılması sağlam balaların alınması deməkdir. Respublikanın şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80-85%-dir, qalan 15-20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir. Azərbaycanın bütün bölgələri üzrə 386 min hektar sahədə yonca bitkisi becərilir. Yonca paxlalılar fəsiləsinə mənsub olub, çoxillik bitkidir. Kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılan yonca aqrotexnika qaydaları əsasında becərildikdə yüksək keyfiyyətli bol yaşıl kütlə və quru ot məhsulu alınır, heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında yem bazası möhkəmlənir, torpağın münbitlik səviyyəsi daha da yaxşılaşır. Yoncanın yaşıl kütləsi, senajı, quru otu və ot unu malqara və quşlar tərəfindən ləzzətlə yeyilir. Yoncanın yaşıl kütləsi heyvanların və quşların orqanizmləri üçün amin turşuları ilə normallaşdırılmış proteinlə, müxtəlif mikro və makroelementlərlə, vitaminlərlə, mineral duzlarla zəngindir. Yoncanın 1 kq yaşıl kütləsində 0,20-0,30 qr, quru otunda 0,60-0,70 qr yem vahidi, 130-180 qr həzm olunan protein, 9,0-16 qr kalsium, 1,5-2,5 qr fosfor, 15-30 mq karotin var. Müasir texnologiya ilə hazırlanmış 1 kq ot ununun tərkibində 150-200 qr protein və 200-300 mq karotin var. 1 ha yonca sahəsindən 120-150 kq yüksək keyfiyyətli təmiz arı balı (çiçək) alınır.