Təlim nəticəsi 4. Çəmənçiliyin əsasları
8. Gübrələmənin əhəmiyyəti
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması intensiv əkinçiliyin qarşısında duran əsas məsələdir. Bu məsələnin həllində kənd təsərrüfatı bitkilərinin gübrələnməsi əsas amildir. Gübrələr mineral və üzvi (yerli) gübrə olmaqla iki yerə bölünür. Mineral gübrələr makro və mikrogübrələrdən ibarətdirlər.
Mikrogübrələr tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, mis, molibden, sink, kobalt və s. kimi elementlər olan birləşmələrə deyilir. Mikroelementlər adından bəlli olduğu kimi, bitkilərə az miqdarda lazım olsa da, bitki həyatında onların böyük əhəmiyyəti var. Onlar bitki orqanizmində gedən maddələr mübadiləsində çox mühüm rol oynayır. Makroelementlər bitkilərə gübrə formasında verilir ki, bunlar da azot, fosfor və kaliumdan ibarətdir.
Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, otlaq və əkin sahələrində torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil.
Örüş və əkin torpaqlarında azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə, hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirlər optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil. Əsas qida maddələri kimi azot, fosfor və kalium bitkilərin həyatında çox böyük əhəmiyyətə malikdir. Azot bitkinin yaşıl kütləsini daha çox artırmaqla onun kütləsinin çoxalmasına və boyunun uzanmasına yaxşı təsir göstərir. Eyni zamanda azot əsas qida maddəsi hesab olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir.