9. Heyvandarlığın intensiv inkişafında keyfiyyətli yemin rolu
Müasir dövrdə respublikada heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq məhsullarının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biri möhkəm yem bazasının yaradılması ilə yanaşı, mal-qaranın tam dəyərli yem payları ilə yemlənməsidir.
Təcrübə və nəzəriyyə təsdiq edir ki, heyvandarıq sahəsində qarşıya qoyulan vəzifələr yalnız yem bazasının əsaslı surətdə yaxşılaşdırıldığı, təkmilləşdirildiyi şəraitdə yerinə yetirilə bilər. Nəzərə almaq lazımdır ki, heyvanların, xüsusən də yüksək məhsuldar heyvanların düzgün yemlənməməsi nəinki, süd, ət və digər heyvandarlıq məhsullarının azalmasına səbəb olur, həmçinin normal bala alınmasına da mənfi təsir göstərir.
Məlumdur ki, hazırda respublikanın əksər fermer təsərrüfatlarında mal-qara üçün yem bazasının əsasını qaba (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Çox böyük əhəmiyyətə malik olan silos, senaj, kökümeyvəli yemlərdən və yem payını qida maddələri ilə zənginləşdirən bir sıra bioloji aktiv maddələrdən istifadə olunmur. Ümumiyyətlə, yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi təqribən 80- 85%, qalan hissəsi isə qüvvəli yemlərdən ibarət olur. Hesablamalar göstərir ki, həmin yemlərdən tərtib edilmiş yem payları və yem rasionları heyvanların əsas qida maddələrinə olan tələbatını tam ödəmir. Belə ki, mal-qara qış tövlə şəraitində hər enerji yem vahidinə orta hesabla 30-35% və daha çox həzm olunan protein, 20-25% makroelementlər, 40-50% mikroelementlər və 50-60% karotin (provitamin A) az qəbul edirlər.
Yem payında göstərilən maddələrin çatışmaması isə hər şeydən əvvəl cavan heyvanlarda inkişafın zəifləməsinə, yaşlı heyvanlarda məhsuldarlığın azalmasına, məhsul vahidinə daha çox yem məsrəfinə, heyvanlarda törəmə qabiliyyətinin zəifləməsinə və digər mənfi halların baş verməsinə səbəb olur.