2.4. Şitil əkmə texnikasını və cərgələrin yerini müəyyən edir.
► Şitil əkmə texnikası
Çiyələk şitillərini əkməzdən qabaq sahədə cərgələrin yeri müəyyən edilir və ya sahə ləklərə bölünür, arxlar çəkilir, yollar nişanlanır. Şitillər əl ilə və ya şitiləkən maşınla əkilir. Şitillər əl ilə əkildikdə cərgələrin düz olması üçün cərgəyə ip çəkilir. Şitilləri əkməzdən qabaq köklərinin ucu azca kəsilir. Şitilləri əkmək üçün torpaqda belin ucu və ya toxa ilə köklərin yerləşə biləcəyi böyüklükdə çala qazılır. Şitil çalaya basdırıldıqdan sonra kökləri düzəltmək və çalanın ətrafındakı narın torpaqdan şitilin dibinə töküb bərk sıxmaq lazımdır. Diqqətli və səliqəli olmaq lazımdır ki, şitillərin kökləri çalada əyilməsin, torpaq köklərə kip yapışsın, şitilin kökboğazı isə torpağın səthi ilə bərabər olsun. Şitilin boy tumurcuğu torpaqla örtülməməlidir. Dayaz və dərin əkilmiş çiyələk şitilləri çox zəif inkişaf edir və ya quruyur.
Torpağın rütubətindən asılı olmayaraq, əkilən şitillərin dibinə azı 0,5 litr su verilməlidir. Şitiləkən maşın isə əkin zamanı şitilləri özü suvarır. Su torpağın rütubətini artırır və həm də torpağın şitil köklərinə kip yapışmasını təmin edir. Bu da əkilən şitillərin bitiş faizini artırır. Əkindən sonra çalaların üstü çürümüş peyin, taxta ovuntusu və ya quru torpaqla 3-5 sm qalınlığında örtülməlidir.
Əkin zamanı zərif kökləri günəşin və küləyin təsirindən qorumaq üçün şitillər yağmurlu havada bütün gün, isti günlərdə isə səhər tezdən və axşamüstü əkilməlidir. Əkindən 10-12 gün sonra bütün sahə yoxlanılır və tutmamış şitillərin əvəzinə yenisi əkilir.
Bioloji xüsusiyyətinə görə, çiyələk bitkisini bütün vegetasiya müddətində, yəni yazdan başlayaraq payızın axır ayına qədər əkmək mümkündür. Ancaq ən yaxşı əkin müddəti torpağın və havanın lazımi qədər rütubətli olan vaxtıdır.