4.2. Çiyələk bitkisinin xəstəlikləri və zərərvericiləri haqqında məlumat verir.
► Çiyələkdə ağ ləkəlilik
Çiyələk bitkisində ağ ləkəlilik xəstəliyinin ilkin nişanələrinə yazda, əsasən də, may ayının ortasında təsadüf olunur, xəstəliyin daha güclü inkişafına isə məhsul yığımından sonra rast gəlinir.
Çiyələk bitkisinin yarpaqlarında çıxıntılı və yaxud dairəvi, qırmızı-qonur rəngli ləkələr meydana çıxır. Ləkələr getdikcə ağ rəng alır və onun ətrafında enli tünd-qırmızı rəngli haşiyə əmələ gəlir. Ləkələrin müəyyən bir qismi bir-biri ilə birləşir, bəzi hallarda ləkələrin ortası tökülərək deşiklər əmələ gəlir. Yarpaqlardan başqa, bığcıqlar və çiçək daşıyan zoğlar da xəstəliklə zədələnir.
Xəstəliklə sirayətlənmiş bitkilərin məhsuldarlığı azalır və məhsulun keyfiyyəti aşağı düşür.
Mübarizə üsulları: tumurcuqlar açılana qədər 2%-li nitrafenlə çilənməsi, vegetasiya dövründə 1%-li bordo mayesi, 0,2%-li euparen, 0,3%- li mis xloroksid, 0,4%-li sineb, 0,4%- li kuprazon 0,5%-li kaptan, 0,3%-li dixlon preparatları ilə birinci çilənməni çiyələk bitkisinin böyümə dövründə, ikinci çilənməni çiçəkləmədən əvvəl, üçüncü çilənməni məhsul yığımından sonra, dördüncü çilənmənin üçüncüdən 14- 18 gün sonra aparılması məsləhət görülür, həmçinin xəstəliklə sirayətlənmiş yarpaqların payızda və yazda yığılaraq yandırılması vacibdir.
► Çiyələkdə ağ çürümə
Bu xəstəliyin əsas törədicisi Sclerotima libertiana Fuck. göbələyidir. Ağ çürümə xəstəliyi ilə meyvə bitkiləri, həmçinin tərəvəz və tarla bitkiləri də sirayətlənirlər. Göbələk mitseliləri kök və gövdə toxumalarına daxil olaraq, onlarda yayılmağa başlayır. Yarpaqlar və cavan zoğlar rəngsizləşir və tədricən quruyurlar, rütubətli havada isə çürüyürlər.
Xəstəliklə sirayətlənmiş meyvələr çürüyür və nəmli sıyıqşəkilli (horraşəkilli) kütləyə çevrilirlər. Xəstəliklə sirayətlənmiş orqanların üzəri ağ rəngli göbələk hifləri ilə örtülür və onlarda sklerositilər əmələ gəlir.
Göbələk qışı sklerositi halında keçirir. Yazda onlardan ağ rəngli göbələk hifləri əmələ gəlir.