3.1.5. Qoruyucu qaz mühitində (daxilində) qövslə qaynağın aparılması
Hal-hazırda qoruyucu qaz mühitində elektrik qövsü ilə qaynaqetmə işlərindən geniş istifadə olunur (Şəkil 3.8). Bu qaynaq üsulunda elektrik qövsü zonasına qaz verilir. Bununla da qövs açıq havada deyil, qaz mühitində yanır. Bu mühitin yaranması üçün hidrogen və ya arqon qazlarından istifadə olunur. Bununla da ərinmiş metal oksidləşmədən qorunur və havadan azot udmasının qarşısı alınır.
Şəkil 3.8. Arqon qaz daxilində alüminium hissələrin qaynaq edilməsi üçün aparat
Atom-hidrogen qaynağı asılı olmayan qövs ilə aparılır. Bu zaman qövs qaynaq ediləcək hissənin olmamasından asılı olmayaraq iki elektrod arasında yanır. Qövs volfram elektrodları arasında yaranır.
Atom-hidrogen qaynağından çoxkarbonlu və legirlənmiş poladdan olan materialların qaynaq olunmasında istifadə olunur. Bununla yanaşı, alüminium xəlitələrindən müxtəlif konstruksiyaların hazırlanmasında da bu qaynaq üsulundan istifadə olunur.
Arqon-qövs qaynağı çılpaq elektrod ilə qaynaq edilən hissə arasında arqon qaz mühitində aparılır. Arqon yalnız qoruyucu qaz mühiti yaradır. Qaynaq zamanı azot və oksigenin elektrik qövsü zonasına keçməsinin qarşısı alınır. Bu qaynaq üsulu ilə maqnezium və alüminium xəlitələrindən, paslanmayan poladdan, misdən olan və digər metal hissələrin qaynaq olunması aparılır (Şəkil 3.9).